Mübariz Əhmədoğlu: PUA-larla hücum ermənilərin əlavə terrorçu qruplaşma yaratdığını göstərir
Ermənistan Müdafiə Nazirliyi və onun Azərbaycanın işğal olunmuş ərazilərindəki törəmə strukturu Azərbaycanın Pilotsuz Uçuş Aparatları ilə erməni mövqelərinə zərbə endirməsi ilə bağlı məlumatlar yaydı. Azərbaycan Müdafiə Nazirliyi PUA-lar vasitəsilə Ermənistanın işğal etdiyi ərazilərə mina zərbəsi endirməsi ilə bağlı məlumatı təkzib etdi.
Ermənistan rəsmi dairələri pauza verən kimi Ermənistan ekspertləri işə düşdülər. Hətta bəziləri hərbə 4 milyard dollar vəsait ayıran Azərbaycanın PUA vasitəsilə stəkan göndərməsi kimi ironiyalı ifadələr işlətdilər. Az keçmiş erməni ekspertləri, o cümlədən onlara qoşulmuş bəzi rusiyalı ekspertlər belə PUA-ların tətbiqini Suriyanın Xmeymim şəhərindəki Rusiyanın hərbi bazasına edilən hücumla müqayisə etdilər. Dəlil kimi Azərbaycandan bir neçə adamın İŞİD-ə qoşulması ilə bağlı məlumatları təqdim etdilər.
Erməni tərəfinin məqsədi əsil vəziyyəti gizlətməkdir. Faktlar isə fərqli vəziyyət ortalığa qoyur:
ı. Ermənistanda hazırda 22 min suriyalı var. Bu 22 min suriyalının erməni və qeyri-erməni olduğunu heç kim bilmir.
ıı. Suriyadan gələn qaçqınların bəzilərinin İŞİD-lə əlaqəsinin olduğunu və yaxud onların Suriya ərazisində hərbi təlim keçdiyini heç kəs inkar edə bilməz.
ııı. 2017-ci ilin aprelində Ermənistanda RF hərbçisi öldürüldü və sonradan bunu öldürənin İslam dinini qəbul etmiş erməni olduğu bəlləndi. Bu erməni Ermənistana gəlməzdən əvvəl Yunanıstanda və Suriyada yaşayıb.
ıv. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə 2017-ci ildə 986 nəfər İŞİD-lə əlaqədə şübhəli bilinərək Ermənistana buraxılmayıb.
Bu İŞİD-çilərin Ermənistana marağını göstərir. Hətta pasport və vizalar açıq satışda olduğu Ermənistanda müəyyən qrup İŞİD-çilərin sərhəd rejimini aşaraq Ermənistanın daxilinə girməsi də çox mümkün məsələdir.
- KTMT-nin Minsk sammiti İŞİD-çilərin qaçqın adı ilə KTMT ölkələrinə keçməsi faktını konstatasiya etdi.
vı. Suriya ermənilərinin bir qrupu qeyri-qanuni olsa da işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılıb.
Azərbaycan ərazilərindəki suriyalıların Suriya bazarında satılan PUA-ların və onların hissələrinin işğal olunmuş Azərbaycan ərazilərinə alıb gətirməsinə heç bir maneə yoxdur.
Bunların fonunda Xmeymim bazasına olan hücumla guya Azərbaycanın ərazisindən PUA-ların uçuşunu eyniləşdirmək, sadəcə insan fantaziyasının genişliyini göstərir. Bəlkə də erməniləri başa düşmək olar. Amma Yevseyev və digər rus ekspertlərinin bu fikirləri dəstəkləməsini başa düşmək olmur.
Baş verənləri ümumiləşdirməklə belə nəticəyə gəlmək olar ki, Dağlıq Qarabağ münaqişəsi regionunda ermənilər əlavə terrorçu qruplaşma yaradıblar və məqsədləri müntəzəm surətdə atəşkəs rejimini pozmaq və bunu Azərbaycanın boynuna qoymaqdır. Başqa sözlə, ermənilər dərhal Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi teatr səhnəsində yeni səhnəcik hazırladılar.
Səbəbi başa düşmək üçün üç arqumenti təqdim edək:
- ATƏT MQ-nun son yaydığı bəyanatda atəşkəs rejiminin bərqərar olunması məsələsi fiksə olunmuşdu. Bu, ermənilərin Dağlıq Qarabağ tənzimlənməsindəki tutduğu mövqeyə gözlənilməz və çox ciddi zərbə idi. Ermənilər danışıqlar prosesini yubadarkən əsas arqumentləri guya atəşkəs rejimi pozulur və atəşkəs rejiminin pozulması etimad tədbirlərinin yaranmasına maneçilik törədir. Etimad tədbirləri olmadığı üçün dinc yolla tənzimlənmə nəticə vermir.
- ATƏT MQ-nun son bəyanatında ermənilər üçün təhlükə törədən ikinci parametr də var idi. ATƏT MQ Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmaq niyyətindədir. ATƏT-in Yüksək Planlaşdırma Qrupu da işğal olunmuş Azərbaycan ərazilərində hərbi kəşfiyyat aparmaq niyyətlərini ATƏT-in Daimi Şurasının son iclasında açıqlamışdı. Görünür, ermənilər Dağlıq Qarabağ ərazisində Suriyadakı terrorçu qruplaşmalara bənzər qruplar yaradıbmışlar. İşğal olunmuş ərazilərdəki monitorinq və hərbi kəşfiyyatla bağlı açıqlanan məlumatlar bu terrorçu qruplaşmaları qorxudub və Ermənistan hökuməti ilə onların arasında narazılıq yaradıb. Maliyyə haqq-hesabını başa çatdırmaq üçün terrorçu qruplar öz fəaliyyətlərinin nəticələrini açıq şəkildə təqdim etdilər.
III. Fevral ayında ATƏT MQ vasitəçilərinin prezidentlərin görüşünü təklif etməsi gözlənilir. Hər tərəfdən konkretlik tələb olunur. Bu, Ermənistanın ssenarisinə uyğun deyil. Ona görə də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri atəşə tutmalarını presedentə çevirirlər. Azərbaycanın da cavabı bəllidir. Ermənistanın şərtləri, atəşkəs pozmaları danışıqlar prosesini dayandıra bilməyəcək. Ermənistan həmişə atəşkəs rejiminin pozulmasında maraqlı olub. Amma indi bu maraq apogeydədir.
Hər halda heç də uzun olmayan zamanda hər şey bəlli olacaq. Azərbaycan Müdafiə Nazirliyinin kəskin inkar mövqeyi fonunda Ermənistan tərəfdən nələrsə açıqlanacaq.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri