ABŞ-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyi açılıb
Los Anceles şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ABŞ-da nümayəndəliyinin açılması münasibətilə geniş tədbir keçirilib.
Bu barədə 1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Baş konsulluq və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyinin açılmasını əlamətdar hadisə adlandırıb. Baş konsul Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini diqqətə çatdırıb. Baş konsul Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinə gələcək fəaliyyətində uğurlar arzu edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov çıxışında Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verərək Mərkəzin fəaliyyəti haqqında danışıb. O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü ildə məhz Prezident İlham Əliyevin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayan R.Həsənov 3 illik fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini bildirib. O, bu günə qədər Mərkəzin müxtəlif xarici ölkələrdə nümayəndəliklərinin açıldığını qeyd edərək, bu gün ABŞ-da nümayəndəliyin açılmasının Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-2017-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot çıxış edərək, sözügedən Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını bildirib.
Sonra çıxış edən BBMM-in ABŞ-dakı nümayəndəliyinin idarə heyətinin üzvləri - ABŞ-dakı Koreya icmasının aparıcı liderlərindən olan, İnanc və İcmaların Gücləndirilməsi təşkilatının icraçı direktoru Heypin İm və Pakistan Şurasının sədri Adnan Xan Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd ediblər.
Daha sonra BBMM-in ABŞ-da nümayəndəliyinin yaradılmasına dair sözügedən nümayəndəliyin rəhbəri C.Skot və Mərkəzin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov arasında anlaşma memorandumu imzalanıb.
Tədbirdə, həmçinin Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib və Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Tədbir tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
1news.az