Novruz Məmmədov: Azərbaycanın növbəti 7 ilinin memarı Prezident İlham Əliyev olmalıdır
Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti 7 ilinin memarı Prezident İlham Əliyev olmalıdır.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı Prezident İlham Əliyev olmalıdır. İstər-istəməz dahi Heydər Əliyevin aşağıdakı cümlələrini “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm.” xatırladım. Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı Prezident İlham Əliyevə inanır".
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.
1news.az