Bakıda İranın milli bayramı qeyd edilib
Bakıda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, qəbulda dövlət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Cavad Cahangirzadə İranın İslam inqilabından sonra keçdiyi yola nəzər salıb. O bildirib ki, sanksiyalara rəğmən İran ötən illər ərzinfə inkişaf edib, gücləndi. İnqilab təkcə siyasi deyil, iqtisadi, ictimai, mədəni və digər sahələrdə də inkişafa yol açdı. İran həmçinin regional sabitlik fenomoni kimi çıxış edib, terrorla mübarizədə ciddi səylər göstərib.
İran Azərbaycan münasibətlərinə toxunan diplomat deyib ki, iki ölkə arasında dostluq və qardaşlığa əsaslanan əlaqələr günü-gündən inkişaf etməkdədir: “İki ölkənin liderləri arasındakı çox səmimi münasibətlər əlaqələrimizin dərinləşməsində mühüm rol oynayır. Heç bir qüvvə bu dostluğu poza bilməz”.
Səfir Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb. “Çox şadıq ki, ölkələrimiz arasında Şimal-Cənub nəqliyyat dəhlizi, avtomobil istehsalı zavodu kimi ciddi layihələr həyata keçirilir. Ölkələr arasındakı daimi məsləhətləşmələr bu bağların möhkəmlənməsinə zəmin yaradır. Hökumətlərarası müştərək iqtisadi komissiya İran və Azərbaycan dostluğunun möhkəmlənməsi yolunda ortaq işlərin görülməsində geniş layihələrə malikdir”.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan xalqı və dövləti adından İran xalqını və dövlətini təbrik edib. Nazir bildirib ki, bu gün iki ölkənin münasibətləri ən yüksək səviyyəyə çatıb. Həyata keçirilən yüksək səviyyəli səfərlər əlaqələrimizi daha da gücləndirib: "Azərbaycanla İran arasında nəqliyyat üzrə də əməkdaşlıq sıx inkişaf edir.
P. Sultanova