Ermənistansayağı demokratiya: Armen Sarkisyan prezident seçilmədən inauqurasiyaya hazırlaşır
Ermənistanda seçki proseslərinin özünəməxsus gedişatı var. Hər cür qanun pozuntuları baş verir. Amma yekunda Qərb bunu demokratik seçki kimi dəyərləndirir. Dəfələrlə baş vermiş bu hadisə hal-hazırda yenidən təkrarlanır. Ermənistanın indiki prezidenti Serj Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanı prezident təyin etmək istəyir. Bunun üçün onu yanına çağırıb, fikrini açıqladı. A.Sarkisyan müxtəlif görüşlər keçirdikdən sonra cavab verəcəyini bildirdi.
S.Sarkisyanın A.Sarkisyanın prezident təyin etməkdə məqsədi antiRusiyaçılıq istiqamətində növbəti addımını nümayiş etdirməyə hazır olduğunu göstərməkdir. Bu, ayrı mövzudur. Amma A.Sarkisyanın davranışı isə qəribə məsələlər üzə çıxarıb. Prezident S.Sarkisyanla görüşdən sonra Armen Sarkisyan bir müddət gözə görünmədi. Sonra Britaniyada olduğu bəlləndi. Az keçmiş Ermənistana qayıtdı, elm adamları ilə görüşlər keçirdi. Moskvada ermənilərin çoxsaylı və onların mövqeyinin daha həssas olmasına baxmayaraq A.Sarkisyan cəmi bir neçə saata Moskvada oldu. Oradan Maltaya səfər etdi. Maltada erməni icmasının mövcudluğu və bu icmanın dünya erməniliyindəki rolu barədə heç kəsin məlumatı yoxdur. A.Sarkisyan Britaniyada şahzadə Çarlzla görüşüb, onu özünün inauqurasiya mərasiminə dəvət etdi.
Başqa sözlə, A.Sarkisyan üçün prezident seçilməsi baş tutmuş faktdır. Uzun müddət Britaniyada demokratik mühitdə yaşamış erməninin demokratiyaya münasibəti belədir.
Əslində, Ermənistanda demokratiyanın olmamasının günahı Ermənistana “demokratiya kağızı” vermiş Qərbdədir. Məhz bununla da Qərb bütövlükdə Cənubi Qafqaz regionunda demokratiyanın bu günü və gələcəyinə böyük zərbələr vurur.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru