Efiopiyanın Azərbaycanda Fəxri Konsulluğu açılıb
Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı Fəxri Konsulluğunun açılış mərasmi olub.
1news.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Efiopiyanın Azərbaycandakı səfiri (iqamətgahı Türkiyədə) Ayaleu Gobezi Vorknyu fəxri konsul təyinatına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Efiopiya ilə Azərbaycan arasında dərin tarixi, mədəni əlaqələr var. Azərbaycanda oxumuş efiopiyalı tələbələr buna yaxşı nümunədir. Diplomat deyib ki, Azərbaycanın Efiopiyada səfirliyi fəaliyyət göstərir. Fəxri Konsulluğun açılışı isə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafında böyük rol oynaya bilər: “Efiopiya Afrika qitəsində surətlə inkişaf edən ölkədir. Ölkəmiz müxtəliflik torpağı kimi tanınır, mədəni və təhsil turizimində böyük potensiala malikdir”.
XİN-in Dövlət Protokol idarəsinin rəhbəri Pərvin Mirzəzadə bildirib ki, Azərbaycan bir çox Afrika ölkələri ilə əməkdaşlığın inkişafına böyük önəm verir. O vurğulayıb ki, iki ölkə arasında siyasi sahədə hər hansı bir ziddiyyət yoxdur. Efiopiya ilə Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır. İnanıram ki, iqtisadi və mədəni əlaqələrimiz inkişaf edəcək və qarşılıqlı investisiyalar qoyulacaq.
Fəxri konsul Ceyhun Ələkbərov bildirib ki, Efiopiya və Azərbaycan arasında əlaqələr həm iqtisadi həm də siyasi cəhətdən inkişaf edir və bu münasibətlər getdikcə daha da dərinləşəcək: “Bu sahə ilə bağlı hər iki dövlət başçılarının müvafiq tapşırıqları var. Afrika ölkələri Azərbaycan üçün bir açılımdır. Düşünürəm ki, sıx əlaqələrin qurulması ölkələrimizin ümumi mənafeyinə xidmət edir”.
C. Ələkbərov qeyd edib ki, hazırda ölkələrimiz qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurmaqdadır: “Dövlət başçılarımızın siyasi iradəsi və bizim birgə səylərimiz nəticəsində əlaqələrimiz bundan sonra davamlı olaraq inkişaf edəcək”.
Pərvanə Sultanova