Kaspşik: "Ofisin genişləndirilməsi cəbhədə gərginliyi azalda bilər"
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi prinsipləri 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilən sammitlərdə Ermənistan və Azərbaycan prezidentləri tərəfindən qəbul olunub. Mənim vəzifəm etimad tədbirlərinin qəbul edilməsində tərəflərə dəstək verməkdir.
1news.az xəbər verir ki, bunu erməni mətbuatına müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik deyib.
O bildirib ki, prezidentlərin qərarını alqışlayır və və bu təşəbbüsün konstruktiv şəkildə irəliləməsinə kömək etmək üçün ATƏT sədrliyi, həmsədrlər və tərəflərlə müntəzəm əlaqə saxlamaqda davam edəcək.
Əməkdaşların sayının neçə nəfər artırıla bilməsinə gəlincə, Kaspşik bildirib ki, genişləndirilmiş qrup bir sıra beynəlxalq əməkdaşları əhatə edəcəkdir. Əlavə kadrlar şəxsi nümayəndənin hazırkı səhra köməkçiləri kimi eyni vəzifələri yerinə yetirəcəklər.
Monitorinqin tezliyi dəyişdirilə bilməsinə və müddətinə gəlincə isə o deyib ki, əlavə kadrların olması şəxsi nümayəndənin ofisinin monitorinq tezliyini artırmaq potensialını yaradır.
Şəxsi nümayəndənin qrupunun genişləndirilməsi ön xəttdə gərginliyin azaldılmasına və sabitliyin artmasına kömək edə biləcək bir etimad tədbiri kimi qiymətləndirilə bilər: “Mən gərginliyi və cəbhə xəttində qurbanların sayını azaldacaq hər hansı tədbirləri dəstəkləyirəm”.
P.Sultanova