Xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil

18:35 - 25 / 02 / 2018
Xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ABŞ-ın "Jewish Journal" nəşrində faciənin sanki möcüzə sayəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın "Xocalı qırğınında sağ qalaraq: xatırlamaq ağırdır, unutmaq isə mümkün deyil" sərlövhəli məqaləsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müəllif bir neçə il əvvəl Xocalı qırğını və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə fikirlərini bölüşmək üçün Los-Ancelesdə yəhudi icmasının liderləri və üzvləri ilə görüşdüyünü yazır.

Dürdanə Ağayeva qeyd edir ki, o zaman Ermənistan ordusu tərəfindən əsir götürülmüş 20 yaşlı əsir qız kimi "işgəncə düşərgəsində" keçirdiyini unutmaq üçün indi hər şeyindən keçərdi.

"Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçılarının dinc əhaliyə, o cümlədən kişilərə, qadınlara, uşaqlara, qocalara divan tutmasını, 613 nəfəri vəhşicəsinə öldürməsini yadda saxlamalıyıq. Biz hər yerə səpələnmiş uşaq cəsədlərini və bu itkidən heç vaxt özünə gəlməyəcək ailələri unutmamalıyıq", - yazan müəllif faciəli gecəni xatırlayır. Onun sözlərinə görə, ermənilər istəyirdilər ki, dünya Ermənistan ordusunun vəhşiliklərini yaddan çıxarsın. Buna yol vermək olmaz.

Dürdanə Ağayeva məqalənin sonunda yazır ki, haqq-ədalət öz yerini tapmayınca və dinc əhalinin öldürülməsində təqsiri olanlar layiqli cəzalarına çatmayınca, o, Xocalı həqiqətlərini dünyaya yaymaqda davam edəcək.

S.Xankişiyeva

 

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər