“Cənub Qaz Dəhlizi” və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar | 1news.az | Xəbərlər
Siyasət

“Cənub Qaz Dəhlizi” və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar

18:15 - 26 / 02 / 2018
“Cənub Qaz Dəhlizi” və enerji strategiyası: beynəlxalq əməkdaşlıqda yeni uğurlar

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib. Tədbirdə iştirak edən dövlət başçısı İlham Əliyev strateji xarakterli və dərin məzmunlu nitq söyləyib. Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsini reallaşdırmaqla əldə etdiyi geosiyasi dividendlərin dərin təhlilini verib.

Ölkə rəhbərliyinin təşəbbüsü ilə irəli sürülən əməkdaşlıq formatlarının səmərəli aspektləri bir daha vurğulanıb. Bu barədə Məşvərət Şurasında iştirak edən yüksək səviyyəli qonaqlar də fikir bildiriblər. Göstərilən faktlar sübut edir ki, Azərbaycan qlobal miqyasda əsas enerji təchizatçılarından birinə çevrilməkdədir. Rəsmi Bakı öhdəsinə götürdüyü bütün şərtlərə dəqiq əməl edir. Onun təşkil etdiyi beynəlxalq əməkdaşlıq qrupu da genişlənməkdədir. Deməli, Azərbaycanın həmin istiqamətdə daha böyük uğurlara imza atması üçün bütün imkanlar səfərbər edilib. Bu prizmadan Məşvərət Şurasının toplantısında ifadə olunan bir sıra tezislərin təhlili maraqlı olardı.

"Cənub Qaz Dəhlizi": əməkdaşlıq qrupu genişlənir

Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici siyasətin təməl prinsiplərini müəyyənləşdirməklə dövlət qarşısında geniş imkanlar açdı. O cümlədən müstəqil Azərbaycanın enerji strategiyası dövrün tələblərinə tam cavab verməklə formalaşdırıldı. İndi Azərbaycan enerji siyasətini səmərəli surətdə inkişaf etdirməkdədir. Bunun son nümunələrindən biri fevralın 15-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi oldu.

Tədbirin bu vaxtda təşkil edilməsinin vacib əhəmiyyəti vardır. Dünyada geosiyasi vəziyyətin nə dərəcədə gərgin olduğu, böyük dövlətlərin bir-birini təhdid etməkdən çəkinmədiyi, müsəlman ölkələrində savaşın mövcudluğu məlumdur. Bəşəriyyət sanki əməkdaşlığa deyil, müharibəyə köklənir. Bundan başqa, Azərbaycan üçün strateji əhəmiyyəti olan prezident seçkiləri gözlənilir. Həmin hadisədən çox narahat olan Ermənistan və ona yardım edənlər Azərbaycan barədə böhtan, iftira dolu informasiyalar yaymağa çalışırlar.

Bütün bunların Cənubi Qafqazda geosiyasi vəziyyəti həssaslaşdırdığı sirr deyil. O cümlədən ekspertlər üçün Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti olduqca böyük maraq kəsb edir. Bakıda keçirilən Məşvərət Şurası göstərdi ki, ölkə rəhbərliyinin yeritdiyi enerji siyasətinə, milli təhlükəsizliyi təmin etmək xəttinə və regional əməkdaşlıq istiqamətində atdığı addımlara böyük etibar və inam var.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına bir neçə ölkədən yüksək səviyyəli nümayəndələr təşrif buyurublar. Onlar Avropa İttifaqını, Gürcüstanı, Türkiyəni, Yunanıstanı, Bolqarıstanı, Albaniyanı və İtaliyanı təmsil ediblər. Aİ-ni Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edib. Bundan başqa, tədbirə Rumıniya və Türkmənistan müşahidəçi qismində qatılıb. Onu da xatırladaq ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə bağlı Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalayıb.

Bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə formalaşmış beynəlxalq əməkdaşlıq qrupu genişlənir, inkişaf edir. İndiki mürəkkəb geosiyasi dönəmdə tərəfdaşlar nəinki Azərbaycandan uzaqlaşmır, hətta onunla birlikdə beynəlxalq layihələrdə iştirak etmək istəyənlərin sayı artır. Bu o deməkdir ki, aparılan uğurlu xarici siyasət və enerji strategiyası nəticəsində Azərbaycan Cənubi Qafqazda bir cazibə mərkəzinə, regional əməkdaşlığın stimullaşdırıldığı məkana çevrilib.

Onun irəli sürdüyü təşəbbüslər maraqla qarşılanır və əməkdaşlıq etmək niyyətində olanların sayı getdikcə artır. Artıq "Cənub Qaz Dəhlizi" layihəsi ətrafında güclü tərəfdaşlıq mühiti hökm sürür və iştirakçılar bu işi başa çatdırmaqda qərarlıdırlar. Bunu təsdiq edən konkret faktlardan biri də Avropa İnvestisiya Bankının həmin layihəyə külli miqdarda maliyyə ayırmasıdır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bu barədə Məşvərət Şurasındakı çıxışı zamanı məlumat verib.

Tədbirdə geniş nitq söyləyən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" ilə bağlı yaradılmış beynəlxalq əməkdaşlıq qrupunun perspektivlərindən bəhs edib. Keçən müddət ərzində Azərbaycanın iqtisadiyyat və enerji sahəsində əldə etdiyi böyük nailiyyətlərin dərin analizini verib (bax: Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib / AZƏRTAC, 15 fevral 2018).

Azərbaycan qlobal enerji təchizatçısı kimi: 1994-cü ildən başlanan yol

Dövlət başçısı nitqində ekspertlər üçün böyük maraq kəsb edən bir neçə tezis irəli sürüb. İlham Əliyev vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçıları sırasına daxil olur. Ölkəmiz güclü əməkdaşlıq formatı yaradıb və qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı təchizatçısı olacaq (bax: əvvəlki mənbəyə). Bunlar çox mühüm tezislərdir. Faktiki olaraq ölkə rəhbəri lakonik formada müstəqil dövlətin yaxın perspektivdə dünyanın inkişaf etmiş kəsiminə inteqrasiyasının real əsaslarını ortaya qoyub.

İlk növbədə, Azərbaycan "Cənub Qaz Dəhlizi" çərçivəsində uğurlu əməkdaşlıq formatı yaradıb. Bu məqam İlham Əliyevin regional miqyasda çox səmərə verən üçtərəfli əməkdaşlıq formatının daha geniş miqyasda inkişafı deməkdir. Xatırladaq ki, bu əməkdaşlıq formatı Türkiyə, İran, Rusiya, Türkmənistan və Gürcüstanı əhatə edən sanballı və düşünülmüş modeldir. Təcrübə bu modelin tam səmərəli olduğunu sübut edib. Həmin formatın məntiqi daxilində Azərbaycan, İran, Türkiyə və Rusiya arasında perspektivli və hərtərəfli əməkdaşlıq dinamik inkişaf edir. Bu bağlılıqda "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin işə salınması tarixi olaydır. İran Prezidentinin cari ilin mart ayında Azərbaycana səfəri zamanı "Astara-Astara" dəmiryolunun açılış mərasimi olmalıdır ki, bu da yuxarıda irəli sürülən tezisin praktiki məzmun kəsb etdiyini göstərir.

Deməli, "Cənub Qaz Dəhlizi" ilə bağlı yaradılmış əməkdaşlıq qrupuna İran da daxil ola bilər. Tehran öz qazını artıq Şərqdən Qərbə, məkanları birləşdirən Azərbaycanın energetik infrastrukturundan istifadə etməklə Avropaya çatdıra bilər.

Vurğulanan məqamlar Prezident İlham Əliyevin nitqində ifadə etdiyi aşağıdakı fikrində tam haqlı olduğunu göstərir: "Biz hamımız üçün mühüm əhəmiyyət kəsb edən qlobal layihələr, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihələri və regionumuzda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa müvəffəq olmuşuq" (bax: əvvəlki mənbəyə). Təsadüfi deyil ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının dördüncü toplantısını Azərbaycanla yanaşı, Avropa Komissiyası da təşkil edib. Bu o deməkdir ki, layihə həm də Avropa İttifaqının rəsmi maraq dairəsindədir. Təşkilat buna kifayət qədər vəsait ayırır.

Ancaq bu nailiyyəti Azərbaycan asan qazanmayıb. O, bu istiqamətdə sistemli və davamlı işlər həyata keçirib. Prezident İlham Əliyev bununla bağlı ifadə etdiyi fikirlərdə vurğulayıb: "Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması üçün güclü bünövrə yaradıb" (bax: əvvəlki mənbəyə).

Ölkə rəhbəri ardıcıl surətdə prosesin inkişaf xronologiyasını verib. İlham Əliyev ifadə edib ki, bu istiqamətdə dönüş nöqtəsi 1994-cü il idi. 1997-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan regional əməkdaşlıq haqqında razılıq əldə etdilər. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü. Bu, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi idi və "Cənub Qaz Dəhlizi" layihəsi üçün bünövrə yaratdı. 2012-ci ildə İstanbulda Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzalandı. TANAP "Cənub Qaz Dəhlizi"nin fundamental elementlərindən biridir (bax: əvvəlki mənbəyə). 2017-ci ildə isə "Cənub Qaz Dəhlizi"nin dörd elementinin hamısı ilə bağlı ciddi irəliləyişə nail olunub.

Nəhayət, dövlət başçısının diqqət yetirdiyi çox mühüm geosiyasi xarakterli məsələ ondan ibarətdir ki, ""Cənub Qaz Dəhlizi"nin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq" (bax: əvvəlki mənbəyə).

Vurğulanan məqamlar aydın göstərir ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə geosiyasi faktorları çox rasional surətdə sintez edə bilib. Həm etibarlı tərəfdaşlar əldə edib, həm də geniş bir məkanda geosiyasi və enerji təhlükəsizliyinin əsas tərkib hissələrindən biri halına gəlib. Ölkənin malik olduğu enerji ehtiyatları onu göstərir ki, yaxın onilliklərdə Azərbaycanın qeyd olunan sahələr üzrə statusu qlobal miqyasda daha da artacaq. Cənubi Qafqaz dövlətləri içərisində bu cür uğurlar əldə edən ikincisi yoxdur!

Newtimes.az

Paylaş:
633

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər