“Şərq Tərəfdaşlığı”nın  sabit tərəfdaşı Azərbaycan: Proqramın Avropa İttifaqı-Azərbaycan münasibətlərində inkişaf perspektivləri və prioritet istiqamətləri | 1news.az | Xəbərlər
Siyasət

“Şərq Tərəfdaşlığı”nın  sabit tərəfdaşı Azərbaycan: Proqramın Avropa İttifaqı-Azərbaycan münasibətlərində inkişaf perspektivləri və prioritet istiqamətləri

14:21 - 02 / 03 / 2018
“Şərq Tərəfdaşlığı”nın  sabit tərəfdaşı Azərbaycan: Proqramın Avropa İttifaqı-Azərbaycan münasibətlərində inkişaf perspektivləri və prioritet istiqamətləri

Avropa İttifaqının (Aİ) yaradılmasından bu günə qədər əsas funksiyası Qərbi Avropanın, sonra isə yaxın ətrafının təhlükəsizlik və sabitliyinin təmin edilməsi olmuşdur.

Bu funksiyanın yerinə yetirilməsi zamanı müraciət edilən ən effektiv xarici siyasət vasitəsi isə genişlənmə siyasəti olmuşdur. Aİ demokratik idealları və azad bazar iqtisadiyyatını qəbul edən ölkələri, İttifaq çətiri altında toplayıb təhlükəsizlik və sabitlik mühitini hərbi qüvvə sərf etmədən formalaşdırmışdır. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması, Şərqi və Mərkəzi Avropada kommunizm rejiminin aradan qalxması ilə birlikdə Aİ-nin təhlükəsizlik və sabitliyi təmin edmək rolu daha əhəmiyyətli şəkil almışdır.

Avropa İttifaqı sərhədlərinin təhlükəsizliyini qorumaq üçün bir sıra proqramlar qəbul etmiş və bir çox vasitələrdən istifadə etmişdir. Regional təhlükəsizlik kompleksi nəzəriyyəsinə əsasən demək olar ki, dövlətlərin təhlükəsizlikləri bir-biri ilə qarşılıqlı asılı və əlaqəlidir. Bir dövlətə, onun milli təhlükəsizlik konsepsiyasına təsir edən proses bütün regiona təsir edə və onu təhlükə qarşısında qoya bilər. Milli təhlükəsizlik konsepsiyası ənənəvi hərbi məsələləri deyil  həmçinin sosial, iqtisadi və bu qəbildən digər məsələləri də əhatə edir.

Avropa İttifaqının yaxın sərhədlərində baş verən hadisələr onun daxili təhlükəsizliyinə təsir edir və buna görə də, Aİ həmin ölkələr ilə sıx əlaqələr yaratmaqda maraqlıdır. “Şərq Tərəfdaşlığı” (ŞT) proqramı əsasən Aİ-nin ətrafında  "rifah və dostluq mühiti yaradılmasının" zəruriliyi və şərq sərhədlərində təhlükəsiz region yaratmaq üçün hesablanmışdır.

2009-cu ildə təsis edilmiş, Şərq qonşuları ilə regional əməkdaşlığı əhatə edən və dəstəkləyən ŞT təşəbbüsünün məqsədi Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı tərəfdaş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus Moldova və Ukrayna - arasında münasibətləri dərinləşdirmək, gücləndirmək və əməkdaşlıq mühiti yaratmaqdan ibarətdir.

ŞT ölkələrində iqtisadi dayanaqlığın təmin olunması Aİ-nin sabit qonşuluq istiqamətində töhfəsinin qayəsini təşkil edir. ŞT yalnız hökumətlər arasında əlaqələrdən ibarət deyil. Həmçinin ŞT, Yerli hökumətlər, vətəndaş cəmiyyəti, gənclər, media, biznes və bu qəbildən digər sahələridə əhatə edir. Bu kontekstdə, Aİ və ŞT ölkələri region boyu daha güclü, şaxələndirilmiş və dinamik iqtisadiyyatların qurulması üçün birgə fəaliyyət göstərirlər. Bu istiqamətdə, kiçik və orta sahibkarlığın genişlənməsinə dəstək, yeni investisiyaların cəlb olunması və iş yerlərinin açılması, eləcə də yeni bazarlara çıxışı təmin etməklə ticarət imkanlarının artırılması kimi fəaliyyətləri də qeyd etmək olar.

Bu təşəbbüs çərçivəsində ŞT tərəfdaşları, regionda yaşayan vətəndaşların gündəlik həyatında hiss ediləcək faydaları vermək öhdəliyini götürürək, 2020-ci ilə kimi dörd prioritet sahədə 20 hədəfə çatmaq üzərində işi davam etdirmək barədə razılığa gəliblər. Bu dörd prioritet: İqtisadi inkişaf və bazar imkanları üçün “Daha güclü iqtisadiyyat”; İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik üçün “Daha güclü idarəçilik”; Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi səhasində əməkdaşlıq üçün “Daha güclü əlaqələr”; Mobillik və insanlar arasında əlaqələr üçün isə “Daha güclü cəmiyyət” sahələrini əhatə edir.

Aİ-nin ŞT layihəsi çərçivəsində hər il Aİ-nin altı şərq tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirilir. İllik ictimai rəy sorğuları Aİ haqqında ümumi təsəvvür, Aİ ilə əlaqələndirilən dəyərlər, Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi, Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun effektivliyinin qiymətləndirilməsi, məlumat mənbələri, ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər kimi  geniş sahələri əhatə edir.

Azərbaycan cəmiyyətinin Avropa İttifaqına münasibəti: İctimai rəy sorğusu

2017-ci ildə keçirilən illik ictimai rəy sorğusuna əsasən, Azərbaycanda insanların Aİ-yə qarşı müsbət münasibətinin artdığı görülür (2016-cı ildə 26%, 2017-ci ildə 47%). Sorğuda iştirak edən azərbaycanlıların 68%-i hesab edirlər ki, Aİ və Azərbaycan arasında münasibətlər yaxşıdır. Bu, regional göstəricidən (61 %) daha yaxşıdır. Həmçinin, Azərbaycanlıların 51% Aİ-yə etibar edirlər. Müqayisə üçün, BMT-yə azərbaycanlıların 35 %-i, Avrasiya İqtisadi İttifaqına 26%-i, NATO-ya isə 32 %-i etibar edir. Azərbaycanlıların 33% Aİ-nin maliyə dəstəyindən xəbərdardır. Onlardan 65 %-i bu dəstəyin effektiv olduğunu düşünür. Müqayisə üçün, bu suala cavabın regional göstəricisi 53 % təşkil edir

İllik rəy sorğularının əsas məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və onları daha yaxşı anlamaqdır.

2017-ci il Aİ-nin Azərbaycan üzrə nümayəndəliyi üçün daha çox bölgəni əhatə edən və müxtəlif alətlərin cəlb edildiyi ən intensiv il “ictimai diplomatiya ili” oldu. Aİ-nin bölgələri də əhatə etməklə Azərbaycanda göstərdiyi aktiv fəaliiyyətin nəticəsidir ki, ictimai rəy sorğusunda əhali tərəfindən İttifaqa qarşı müsbət münasibətin artdığı görülür. “İctimai diplomatiya ili”/  2017-ci il ərzində Aİ tərəfindən Azərbaycanda İMAGİNE Avropa Tolerantlıq Festivalı, Avropa Kino Festivalı,  müzakirələr, mühazirələr, debatlar, regionlara Avropa avtobus turları, "ASAN Radio"da "AvropadASAN" verilişinin və www.veb, sizinavropa.az portalının açılması həyata keçirildi.

Münasibətlərin inkişaf perspektivləri  və prioritet istiqamətləri: Enerji və Dağlıq Qarabağ münaqişəsi

Xatırladaq ki, Avropa İttifaqının Azərbaycanla ikitərəfli münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Şərq Tərəfdaşlığı proqramının ikitərəfli və çoxtərəfli olaraq iki aspekti var. Aİ, Azərbaycanla, habelə digər  tərəfdaş ölkələrlə hər iki istiqamət üzrə əməkdaşlıq edir. Azərbaycan isə Avropa İttifaqı ilə əsasən ikitərəfli münasibətlərə üstünlük verir. Bu baxımdan hal-hazırda tamamlanmaq üzrə olan yeni hərtərəfli saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edəcək. Aİ və Azərbaycan  arasında yeni hərtərəfli sazişə dair danışıqlar, siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək məqsədi ilə 2017-ci ilin fevral ayından etibarən başlayıb. Həmçinin, 2018-ci ilin ilk rübündə imzalanmasıfff gözlənilən Ortaq Aviasiya Məkanı haqqında Sazişin hazırlanmasıda 2017-ci ildə danışıqlar bərpa edildikdən sonra başladı. Ortaq Aviasiya Məkanı haqqında Saziş qarşılıqlı səmərəli sazişdir və Azərbaycan üçün bir çox imkanlar açacağı gözləntisi vardır. Saziş Azərbaycan iqtisadiyyatını şaxələndirməyə kömək edəcək və Azərbaycanın Avropanı Asiya ilə birləşdirən strateji cəhətdən mühüm regionda nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da möhkəmləndirəcəkdir. Bu, Azərbaycana gələcəkdə iqtisadiyyatın, turizmin, ticarətin, investisiyaların şaxələndirilməsinə və Avropa İttifaqı vətəndaşlarına Azərbaycanı tanımaq, ölkənin üstünlüklərini anlamaq, münasibətləri inkişaf etdirmək imkanı verəcək.

Azərbaycan Aİ-nin bir çox proqramlarında və agentliklərində iştirak edir. Buna dair Aİ və Azərbaycan arasında Protokol 2014-cü ildə imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş, 6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.  

Aİ ilə Azərbaycan arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri 2014 ildə qüvvəyə minərək, Azərbaycan vətəndaşlarına, xüsusilə də tez-tez səyahət edənlərə, daha asan və ucuz viza almaqla Aİ-nin bir çox ölkələrinə səfər etmək imkanı verib. Həmçinin  bu sazişə əsasən təqaüdçülər, tədqiqatçılar, tələbələr, 12 yaşına qədər olan uşaqlar viza rüsumundan tamamilə azad olunurlar.

ŞT proqramı çərçivəsində Azərbaycan Tvinninq layihələri vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir. Son on il ərzində Azərbaycan digər ŞT ölkələrindən daha çox Tvinning alətindən istifadə edib. Bu nadir əməkdaşlıq aləti Azərbaycana Aİ-nin ən yaxşı təcrübələrini və standartlarını gətirib. 10 il ərzində Azərbaycanın 26 nazirliyi və ictimai institutu Aİ-nin texniki biliklərini və dövlət qulluqçularının praktiki təcrübələrini əhatə edən 46 tvinninq layihəsində iştirak etmişdir. Bu fəal əməkdaşlıq, yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə öz töhfəsini verdi. 10 il ərzində həyata keçirilən 46 tvinninq layihələrindən 26-sı başa çatmış, 13-ü davam edir, 7-si isə hazırlanmaqdadır.

Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Aİ Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. Hazırda Azərbaycan Aİ-nin təbii qaz ehtiyacının təxminən 5 faizini təmin edir. Azərbaycan Xəzərin təbii qaz resurslarını Aİ bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəql edir. Aİ 2016-cı ildə “EU4Energy” adlı regional proqramı təsis edərək, enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə, Azərbaycanın da daxil olduğu  Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.

Aİ Azərbaycan neftinin və ölkə ərazisi ilə tranzit olunan neftin əsas müştərisidir. Cənub Qaz Dəhlizi Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqdən təbii qaz resurslarının Avropa bazarlarına nəql olunması üçün strateji təşəbbüsdür və Avropanın enerji təminatı təhlükəsizliyinin genişləndirilməsində əsas alətdir. Xəzər dənizinin Azərbaycana aid sektorunda nəhəng dəniz qaz yatağı olan Şah Dəniz II 2020-ci ildən etibarən Avropa bazarlarına ilkin olaraq ilə 10 milyard kubmetr qaz verəcək. Xəzər hövzəsindən təbii qazı təmin edəcək infrastruktur, xüsusilə də Şah Dəniz II, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedən mövcud Cənubi Qafqaz kəməri; Türkiyədən keçərək Gürcüstanı Avropa ilə birləşdirən Trans-Anadolu qaz boru kəməri; eləcə də Yunanıstan və Albaniya vasitəsilə təbii qazı Türkiyə sərhəddindən İtaliyaya nəql edən Trans-Adriatik boru kəmərindən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində qeyd etdiyi "Enerji layihələrimiz bizim üçün və region üçün çox vacibdir. Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib” fikri ilə yanaşı Azərbaycanın Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısı olduğunu da vurğulamışdır. Həmçinin Prezident İlham Əliyev “Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər” deyə vurğulamışdır.

Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir.  Həmçinin, Aİ və ona üzv dövlətlər Dağlıq Qarabağın müstəqilliyini tanımır. Aİ, o cümlədən onun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk qrupu həmsərdlərinin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində səylərini dəstəkləyir. İttifaq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlıq proqramının icrası vasitəsilə münaqişə tərəfləri arasında etimadın və sülhün yaranması istiqamətində fəaliyyətləri təşviq etsə də münaqişənin hələ də həll olunmaması regionda sabitlik və inkişaf üçün maneə olaraq qalır. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz ölkələrini maraqlandıran hadisələrin önündə gəlməkdədir. 2016-cı ilin ikinci yarısında vasitəçi dövlətlərdən Rusiyanın fəallaşması ilə 2017-ci ildə Qarabağ münaqişəsinin həlli üçün ciddi addımların atılacağı gözləntisi var idi. Bu  istiqamətdə 2017-ci ildə önəmli bəzi görüşlər keçirilsə də, nəticə etibarilə ciddi  addım atılmadı. Ancaq, 2017-ci ilin noyabr ayında keçirilən ŞT Sammitində Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin vurğulanması Azərbaycanın növbəti nailiyyəti, Ermənistanın isə məğlubiyyəti olaraq vurğulandı.

Azərbaycan dövlətinin malik olduğu tolerantlıq və çoxmədəniyyətlilik Aİ-nin də dəyərləri sırasında yer alır. Bu Azərbaycan və Aİ-ni birləşdirən xüsusiyyətlərdən biridir. Azərbaycanın böyük neft-qaz resurslarına, sabitliyə malik dünyəvi dövlət olması, həmçinin mürəkkəb regionda yerləşməsi ona qarşı maraq yaradan amillərdəndir. Avropa inteqrasiyası hüquqi-texniki proses olmaqla yanaşı, geniş qarşılıqlı anlayışın formalaşdırılması, habelə bir-birinin güclü tərəflərinin qəbul edilməsi və onlardan istifadəni də əhatə edir. Bu baxımdan Azərbaycanla Avropa ittifaqı bir-birinin maraq dairəsindədirlər. Beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini mökəmləndirən  Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr  təklif edir. Aİ isə böyük neft-qaz resursları olan Avropalı qonşusu Azərbaycanla əlaqələri gücləndirmək istəyir. Bunun qarşılığında isə Azərbaycan dövləti, Avropa İttifaqından, onun timsalında olan qurum və dövlətlərdən xüsusi həssaslıq tələb edən məsələlərdə - Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tapılmasında real addımlar gözləyir.

Aİ-nın enerji təchizatının təhlükəsizliyi kimi həyati əhəmiyyətli mənafelərinə cavab verən ölkələrlə münasibətlərində uğur əldə etməsinin əsas yolu münaqişələrin həlli məsələsində daha aktiv rol oynamasıdır. Həm Avropa Təhlükəsizlik Strategiyası, həm də Avropa Qonşuluq Siyasəti sənədlərində də qeyd edildiyi kimi yaxın ətrafında münaqişələrin qarşısının alınması və həlli Aİ-nin əsas məqsədlərindən biridir. Bununla birlikdə regiondakı münaqişələrin həllində təşəbbüslər daha çox Xüsusi Nümayəndə və ya Avropa İttifaqının Müşahidəçilər Missiyası tərəfindən həyata keçirilir. Başqa sözlə Aİ-nin xarici siyasətdə təsirli ola bilməsi, öz daxili problemlərini həll edə bilməsindən asılıdır. Nəticədə Aİ ikitərəfli və regional platformada nə qədər geniş əhatəli siyasət işləyib hazırlayırsa hazırlasın, regional münaqişələrin həllində uğur qazana bilməsi, yaxın ətrafında nə dərəcədə strateji aktor ola bilməsindən/bilmək istəməsindən irəli gəlir.

Elnarə Qəribova

Elmi işçi

Daxili siyasətin təhlili şöbəsi

 

 

 

 

 

Paylaş:
2325

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər