Əli Hüseynli: Demokratik seçki keçirmək üçün bütün qanunverici əsaslar mövcuddur
Azərbaycanın Seçki Məcəlləsi demokratik seçki keçirmək üçün lazım olan bütün qanunverici əsasları özündə ehtiva edir.
1news.az xəbər verir ki, bunu sechki-2018.az saytına açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri bildirib ki, mövcud seçki qanunvericiliyi peşəkar seçki administrasiyasının formalaşmasına şərait yaradıb. “Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları peşəkar əsaslarla fəaliyyət göstərirlər. Bu gün seçkilərin demokratik və azad keçirilməsi üçün seçki administrasiyasının həm də bütün maddi-texniki imkanı mövcuddur”.
Seçkilərin şəffaf keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan üsullara toxunan Ə.Hüseynli bildirib: “Bura müşahidələrin aparılması, veb-kameraların quraşdırılması, barmaq işarələri və digərləri daxildir. Yəni dünyada mövcud olan bütün müasir nəzarət üsulları qanunvericilikdə öz əksini tapıb. Təqdirəlayiq haldır ki, bütün bunlar praktikada da tətbiq olunur. İndiyə qədər keçirilən həm prezident, həm də parlament seçkiləri və bu seçkilərin nəticələri deməyə əsas verir ki, Seçki Məcəlləsi azad və şəffaf seçki keçirmək üçün bütün qanunverici əsasları özündə ehtiva edir”.
Ə.Hüseynli qeyd edib ki, Seçki Məcəlləsi namizədlərin hüquqlarını da bərabər şəkildə təmin edir: "Prezidentliyə namizədlərin toxunulmazlığı, onların müdafiəsi mexanizmləri qanunvericilikdə öz əksini tapıb. Həmçinin qərarlardan məhkəməyə şikayətlər və həmin şikayətlərə qısa zaman ərzində baxılması və digər bu kimi məsələlər qanunvericiliklə tənzimlənir".
1news.az