Aydın Mirzəzadə: Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb

Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
1news.az xəbər verir ki, bunu Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın həm qanunvericilik bazası, həm də təcrübəsi seçkilərin yüksək səviyyədə keçirilməsinə imkan verir. Onun sözlərinə görə, Seçki Məcəlləsi dünyanın qabaqcıl təcrübəsinə əsaslanır:
"Məcəlləyə vaxtaşırı əlavə və dəyişikliklər edilir. Seçki komissiyaları artıq peşəkarlaşıb. Seçkinin ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Seçici siyahıları ildə bir dəfə dəqiqləşdirilir, seçicilərin səsvermə hüququndan istifadə etməsinə azad şərait yaradılır".
Komitə sədrinin müavini prezidentliyə namizəd olanlara bərabər şəraitin yaradıldığı vurğulayaraq deyib: “Prezidentliyə namizədliyin qeydə alınması üçün cəmi 40 min imza tələb olunur. 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərin nəticələri xalqın iradəsini əks etdirib. Təbliğat-təşviqat kampaniyasında bərabər imkanlar yaradılır, bütün namizədlərin öz təbliğatını aparması təmin edilir. Seçki günü səsvermə şəffaf şəkildə keçirilir, bülletenlərin sayılmasında aşkarlıq prinsipi daim öndə olur. Bütün bunlar, 11 aprel seçkilərinin də seçki qanunvericiliyinə uyğun və demokratik şəraitdə keçiriləcəyini deməyə əsas verir”.
1news.az