Azərbaycanın və Türkiyənin baş nazirlərinin görüşü olub
Martın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə Baş nazir Artur Rasi-zadə qardaş Türkiyənin Baş naziri Binəli Yıldırımın ölkəmizə səfərindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi. Azərbaycan xalqının Türkiyədə baş verən prosesləri yaxından izlədiyini vurğulayan Artur Rasi-zadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırdı. Baş nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını dedi.
Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən Baş nazir Binəli Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğuladı. Binəli Yıldırım Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd etdi. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini dedi. Türkiyəli qonaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd etdi.
Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirdi.
1news.az