Meksika səfiri İmişliyə səfər edib
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini regionlararası əlaqələrə təkan vermək məqsədilə İmişli rayonuna səfər edib.
1news.az xəbər verir ki, səfir rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə görüşüb.
İH-in başçısı rayon və onun əsas sənaye sahələri haqqında ətraflı məlumat təqdim edib. Bundan əlavə, İmişlinin kənd təsərrüfatı potensialından, eyni zamanda, İH tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Səfir Labardini, öz növbəsində, bu diplomatik nümayəndəliyin əsas məqsədlərindən biri olan regionlararası əlaqələrin inkişafını qeyd edib və bunun ikitərəfli münasibətlərin gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Həmçinin, son iki onillik ərzində müşahidə olunan Meksikanın iqtisadi inkişafından danışıb. Vurğulanıb ki, bu gün Meksika regionun ticarət, nəqliyyat və logistika mərkəzinə çevrilib, dünyanın əsas turizm istiqamətlərindən biri olub.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə hüquqi baza ilə möhkəmləndirilmiş əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, Meksika ilə Azərbaycanın şəhərləri arasında mümkün qardaşlaşmadan söhbət açılıb.
İmişliyə səfəri zamanı səfir Labardini müxtəlif istehsal və emal proseslərini tanımaq məqsədilə şəkər və pambıq fabriklərini, həmçinin istixana kompleksini ziyarət edib.
P.Sultanova