Azərbaycanın Ankaradakı səfirliyi prezident seçkilərinin keçirilməsinə hazırdır
Türkiyənin Ankara şəhərindəki səfirliyimizin konsulluq şöbəsində qeydiyyatda olan vətəndaşlarımızın aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində səs verməsinin təmin edilməsi üçün hazırlıq işləri başa çatıb.
1news.az xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının tələb və təlimatına uyğun olaraq səfirlikdə Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 30 saylı MnSK fəaliyyət göstərir.
MnSK-dan verilən məlumata görə, burada Türkiyənin Ankara, Adana, Mersin, Kayseri və səfirliyimizin konsulluq şöbəsinin fəaliyyət dairəsində olan digər bölgələrdə yaşayan, işləyən və konsulluq qeydiyyatında olan vətəndaşlarımız səsvermə hüququna malikdirlər.
Artıq aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
1news.az