Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi ilə birgə seminar-müşavirə keçirib - FOTO
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələr davam etdirilir.
1news.az xəbər verir ki, prezident seçkiləri ilə bağlı maarifləndirmə proqramı çərçivəsində martın 23-də növbəti layihə - Mərkəzi Seçki Komissiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə seminar-müşavirə gerçəkləşdirilib. Mərkəzi Seçki Komissiyasının inzibati binasında baş tutan tədbir səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə bağlı məsələlərə həsr olunub.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədovun və səhiyyə nazirinin müavini Elsevər Ağayevin açılış nitqləri ilə başlayan seminar-müşavirədə MSK üzvləri, Səhiyyə Nazirliyinin rəsmiləri və MSK Katibliyinin nümayəndəsi tərəfindən səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi, seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarının vəzifələri və seçki günü prosedurları barədə təqdimatlar keçirilib və məruzələr dinlənilib.
Tədbir Mərkəzi Seçki Komissiyasının üzvləri, Səhiyyə Nazirliyinin nümayəndələri, MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları və müvafiq dairə və məntəqə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilib.
Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan seminar-müşavirə mövzu ilə əlaqədar müxtəlif məsələlər ətrafında müzakirələrlə davam edib, həmçinin iştirakçıların sualları cavablandırılıb.
1news.az