Mərkəzi Seçki Komissiyasında MDB PA-nın ekspert qrupu ilə görüş olub - FOTO
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu martın 27-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, qonaqları salamlayan sədr seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib və MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulayıb.
Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitri Qladey bildirib ki, rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az