“Toy prezidenti”: Ermənistanda prezidentliyin “şizik”dən “fizikə” təhvil verilməsi | 1news.az | Xəbərlər
Siyasət

“Toy prezidenti”: Ermənistanda prezidentliyin “şizik”dən “fizikə” təhvil verilməsi

11:41 - 31 / 03 / 2018
“Toy prezidenti”: Ermənistanda prezidentliyin “şizik”dən “fizikə” təhvil verilməsi

Ermənilər növbəti dəfə seçki şousu göstərdilər. Konstitusiyada edilən dəyişikliyə görə, artıq ölkə parlament üsul-idarəsinə keçir. Bu səbəbdən prezident real idarəetmə imkanlarını itirir.

Ermənistan Respublika Partiyası və daşnakların təqdimatı ilə parlament yeni prezidenti seçib. O, 105 səsdən 90-nını alan keçmiş səfir, ixtisasca fizik olan, Avropa və Rusiyada geniş biznes şəbəkəsinə malik Armen Sarkisyandır. Ermənistan KİV-i bu adamın erməni diasporu ilə sıx bağlılığının olduğunu vurğulayır. Serj Sarkisyanın məhz belə bir fiqura üstünlük verməsini bununla izah edirlər. Gözlənilir ki, A.Sarkisyan son zamanlar Ermənistana yardımları azaldan diaspor təşkilatlarını yola gətirə biləcək, İrəvana diasporun daha çox dəstək verməsinə nail olacaq. Lakin bu, baş tutsa belə, bir sıra analitiklər bunun Ermənistan dövlətçiliyi üçün ciddi müsbət təsirinin olmayacağını, əksinə, ermənilərin bununla özlərinin müstəqil olmaq imkanlarını daha da məhdudlaşdıracaqlarını proqnozlaşdırırlar. Bu fikirlər kontekstində Ermənistanda yeni prezidentin seçilməsi hadisəsinin Cənubi Qafqazın geosiyasi dinamikasına mümkün təsirləri üzərində dayanmağa ehtiyac gördük.

Şəxsi maraqların əsirliyində: erməni iqtidarının mahiyyəti dəyişmir

Serj Sarkisyan prezidentliyi müddətində dövlət idarəçiliyini bərbad vəziyyətə salmış adam kimi yadda qaldı. Nə daxili, nə də xarici siyasətdə prinsipial olaraq müsbət qarşılanan addım atmadı. Bu barədə erməni ekspertlərin özləri belə yazırlar. O cümlədən S.Sarkisyanı Uinston Çörçill və Şarl dö Qolla müqayisə edən Eduard Şarmazanov da gülüş obyektinə çevrilib. İnsanlar sual edirlər ki, hansı keyfiyyətlərinə və əməllərinə görə S.Sarkisyanı Çörçill və dö Qolla müqayisə etmək olar?

Məsələn, erməni mətbuatı vurğulayır ki, Çörçill və dö Qoll dünya miqyasında situasiyanı dəyişən işlər görüblər. Dö Qoll Fransanı işğaldan azad edib və dünyanın söz sahiblərindən biri statusuna yüksəldib, Çörçill fəaliyyəti dövründə Böyük Britaniya üçün olduqca mühüm işlərə imza atıb. Onu indi də dünyanın ən böyük siyasətçilərindən biri hesab edirlər. Bunların fonunda sual edirlər: "Bəs S.Sarkisyanın baqajında nələr var? Erməni-türk protokolları ləğv edilib, Qarabağ münaqişəsi həll edilməyib, Ermənistan regionun maliyyə, texnoloji, nəqliyyat və başqa mərkəzləri ola bilmədi" (bax: Наира Айрумян. Кто упорно толкает Сержа Саркисяна в "яму" Черчилля и де Голля / Lragir.am, 6 mart 2018).

Doğrudan da, o qədər gülünc müqayisədir ki, onu ciddi analiz obyektinə çevirmək belə risklidir. Lakin Ermənistanda yeni prezidentin seçilməsi prosedurunun daxili məntiqinə nüfuz etmək baxımından nəzərə alınmalı faktlardır. Məsələ ondan ibarətdir ki, ermənilərin yeni sistemə keçməsinin özünün süni və qondarma bir proses olduğu haqqında fikirlər səsləndirilir, faktlar gətirilir. Belə ki, bütün oyunu S.Sarkisyanın özünün qurduğu və əsas məqsədinin hakimiyyətdə qalmaqdan ibarət olduğu bildirilir.

Bunun üçün S.Sarkisyan A.Sarkisyanın namizədliyini irəli sürüb. Onların yalnız soyadları eynidir, heç bir qohumluqları yoxdur. Həm də S.Sarkisyanı Ermənistanda daha çox "şizik" kimi, A.Sarkisyanı isə "fizik" kimi tanıyırlar. İndi zarafat edirlər ki, Ermənistanda "şizik" prezident kürsüsünü "fizik"ə hədiyyə etdi. İndiki prezident Kembricdə elm adamı kimi çalışıb, Böyük Britaniyada və bir neçə başqa Avropa ölkəsində səfir işləyib. Onun Rusiyada geniş biznesinin olduğu da vurğulanır. Biznesdə ilk addımını isə Avropada atıb. Özünün dediyinə görə, "üç həyatı" olub. Birinci həyatı sovet alimliyi, ikincisi Kembricdə çalışması, üçüncüsü isə siyasət aləminə qatılmasıdır (bax: Константин Фрумкин. Три жизни Армена Саркисяна / Scandaly.ru, 14 avqust 2013).

Sarkisyanın gedişi: hakimiyyətdə qalmağın növbəti şousu

Armen Sarkisyan siyasətə keçmiş prezident Levon Ter-Petrosyanın təkidi ilə gəlib. Ondan Böyük Britaniyada erməni səfirliyinin açılmasına kömək etməyi xahiş ediblər. Nəticədə, A.Sarkisyanın özünün dediyi kimi, "sağ ol" demək əvəzinə səfir təyin ediblər. Lakin o, uzun müddət bu işdə qala bilməyib. Sonra Ermənistana baş nazir təyin edilib. Cəmi bir il bu vəzifədə işləyib və xərçəngə tutulduğuna görə istefa edib. Özünün müalicəsi ilə məşğul olacağını deyib. Ancaq faktlar göstərir ki, burada Ermənistanın ovaxtkı müdafiə naziri (o da tərslikdən Sarkisyandır) öz otağında A.Sarkisyanı əməllicə döyübmüş. Məhz bundan sonra A.Sarkisyan ölkəni tərk edib.

Avropa ona düşüb – burada o, özünün böyük biznesini qurub. Budur, İrəvanın ona yenidən işi düşüb. A.Sarkisyanı həm Avropa, həm də Rusiya qəbul edir. Ermənistanda da S.Sarkisyandan sonra hakimiyyətdə elm adamının olmasını çıraq kimi axtarırdılar. Ancaq onların sevincinin uzun sürməyəcəyini demək olar. Çünki A.Sarkisyan faktiki olaraq "toy prezidentidir" – mərasimləri aparacaq. Ölkənin idarə edilməsini isə yeni konstitusiyaya görə baş nazir həyata keçirməlidir. Belə çıxır ki, A.Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda iştirak etməyəcək.

Bu məqamlar diqqəti yenidən S.Sarkisyana çevirib. Çünki onu Çörçillə müqayisə edənlər Ermənistan mətbuatının yazdığına görə, baş nazir postunda görmək arzusundadırlar. Çünki Çörçill bir neçə dəfə vəzifədən gedib, lakin sonradan qayıdıb. Ekspertlər hesab edirlər ki, böyük ehtimalla S.Sarkisyan baş nazir olacaq. Ona daşnakların ciddi dəstək verəcəyini də nəzərə alırlar. Daşnak məsələsi Türkiyə ilə imzalanan protokollardan imtina ilə sıx əlaqələndirilir.

Məsələ ondan ibarətdir ki, S.Sarkisyanın həmin protokolları imzalamasına "Daşnaksütyun" etiraz etmişdi. Bu sənədlərə görə daşnaklar hakim Respublika Partiyası ilə əməkdaşlıqdan imtina etmişdilər. İndi S.Sarkisyan onsuz da elə bir əhəmiyyəti qalmayan həmin kağız parçalarından imtina etmə şousu yaratmaqla paralel olaraq daşnakların dəstəyini qazanıb. Parlamentdə məhz bu iki partiya üstünlük təşkil edir.

A.Sarkisyanın namizədliyini də respublikaçılarla daşnaklar irəli sürüblər. Parlamentdə fraksiya olan "Sarukyan" ona qarışmayıb, "Yelk" isə zəifdir. Bunlar onu göstərir ki, S.Sarkisyanın sözçülərinin dediyinin tam əksinə olaraq, onlar dövlətin maraqlarından çıxış etməyib sırf şəxsi istəklərinə uyğun hərəkət edirlər. Çünki bütün oyunlar hakimiyyətin S.Sarkisyanda qalması ilə nəticələnir. Onun isə heç bir uğuru yoxdur. Burada dövlət haradadır? Dövlət reallıqda yoxdur, Kremlin göstərişləri və əmrləri vardır. Ona görə də S.Sarksiyanın həm böyük siyasətçilərlə müqayisəsi, həm də dövlətin maraqlarını gözləməsindən bəhs edilməsi gülüşdən başqa reaksiya doğurmur.

Beləliklə, Ermənistanda növbəti dəfə seçki şousunun şahidi olduq. İrəvanın küçələrinə çıxıb 2008-ci ilin martın 1-də hakimiyyətin törətdiyi cinayətlərə etiraz edənlər də bu seçkini legitim hesab etmirlər. Onlar ölkədə vəziyyətin getdikcə ağırlaşdığı zamanda iqtidarın vəzifə oyunlarından son dərəcə narazıdırlar. Armen Sarkisyana da "əldədüzəltmə prezident" deyirlər. Yəni faktiki olaraq, Ermənistanın idarəetmə fəlsəfəsində demokratiyaya doğru heç bir dəyişiklik nəzərdə tutulmur. Real idarəetmə əvvəlki kimi respublikaçılarla daşnaklarda olacaq ki, onlar da bolşevik üsulu ilə işləyirlər. Daşnakların iqtidarla əməkdaşlığı hakimiyyətin dar və məhdud ultramilliyyətçi, şovinist mövqeyində qalmaqda olduğunu təsdiqləyir.

Bəs bu vəziyyət Cənubi Qafqazdakı geosiyasi duruma necə təsir göstərə bilər? Ermənistanın özünün dövlət kimi formalaşmaq şansı qalıbmı? Düşünürük ki, hər iki sualın cavabı mənfidir. İndiyə qədər Ermənistan Cənubi Qafqazda nə kimi rol oynayıbsa, bu xətti də davam edəcəyi ehtimal olunur. Bu o deməkdir ki, Ermənistan bölgədə sabitliyə və regional əməkdaşlığa ən ciddi təhlükə mənbəyi olaraq qalır. Hazırkı həssas geosiyasi məqamda bunun Cənubi Qafqaz üçün son dərəcə təhlükəli olduğunu vurğulamalıyıq. Ermənilərin ağaları lazım bildikləri anda istifadə edib, vəziyyəti nəzarətdən çıxara bilərlər. Bunu necə etdiklərini Yaxın Şərqdəki hadisələrin misalında aydın görmək mümkündür.

Ermənistanın dövlətçiliyinə gəldikdə isə, ekspertlər çox pessimistdirlər. Onların fikirlərinə görə, nə qədər ki, İrəvan kənardan verilən əmrlərə uyğun hərəkət edir, real müstəqillikdən söhbət gedə bilməz. Əvvəlki süni siyasi oyunlar davam edəcək. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan rəhbərlərinin hansısa pozitiv addım atmasını gözləmək çətindir.

Newtimes.az

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər