Hərbi qulluqçular məşəllərlə “Qanlı dərə”yə yürüş ediblər
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi tədbirləri çərçivəsində Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu məşəllərlə Quba rayonunun Digah kəndinə – “Qanlı dərə”yə yürüş ediblər.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən,100 il öncə ağır döyüşlərin getdiyi və burada yaşayan müsəlman əhalisinin daşnak-bolşeviklərə qarşı əsl qəhrəmanlıq, şücaət nümunələri göstərdiyi “Qanlı dərə”də keçirilən anım mərasimində soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani çıxışında bildirib ki, 1918-ci ilin baharında daşnak Stepan Şaumyanın göstərişi ilə toplar və pulemyotlarla silahlanmış qoşun hissələri Qubaya yeridilmiş, qaniçən Hamazaspın ermənilərdən ibarət quldur dəstəsi şəhəri mühasirəyə alaraq əhaliyə amansız divan tutmuşlar. Onlar qadın, uşaq demədən qarşılarına çıxan hər kəsi öldürür, evlərə soxularaq ailələri qırır, südəmər körpələri süngülərə keçirir, müsəlmanların heysiyyətinə toxunaraq məscidlərə od vurur, Quran kitablarını yandırır, yaşayış məntəqələrini darmadağın edirdilər.
Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azəri türkləri, ləzgilər, qrızlar, buduqlar, ceklər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının biri-birinə qarışdığı müqəddəs bir məkandır.
Nəzərə çatdırılıb ki, 1998-ci il oktyabrın 3-də xalqımızın ümummilli lideri Heydər Əliyev prezident seçkiləri ərəfəsində Quba və Qusar rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə böyük iftixar hissi ilə qeyd etmişdir ki, “Qanlı dərə”də 1918-ci ildə qubalılar və qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın etmişlər.
Qafqaz Müsəlmanları İdarəsinin Digah dini icmasının sədri, din xadimi Fərzalı Mirzəxanov “Qanlı dərə” döyüşləri haqqında nənə-babalarından eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşüb və əcdadlarımızın qəhrəmanlıqlarının bu gün də şərəflə davam etdirildiyini qeyd edib. O, turist marşrutunda yerləşən bu yerdə memorial muzeyin və xatirə abidə kompleksinin yaradılması vaxtının artıq çatdığını bildirib.
40 ildən çoxdur ki, “Qanlı dərə” döyüşlərinin tədqiqatı ilə məşğul olan və bu barədə yüzlərlə sənəd, foto və xatirələr toplayan əmək veteranı Rafiq Mirzəyev Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və kənd əhalisinin adından minnətdarlıq edib.
Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Qusar rayon təşkilatının sədri Canəli Hörmətov bildirib ki, erməni daşnaklarının təcavüzünün qarşısının alınmasında Qusarın ləzgi əhalisi də əsl fədakarlıqlar göstərib. “Qanlı dərə” erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə Qusar şəhərində möhtəşəm abidə ucaldılıb. Biz qusarlılar fəxr edirik ki, həmyerlilərimiz Hatəm ağa Cağarvi, Möhübəli Əfəndi Kuzunvi və onlarla digər qəhrəman babalarımızın da adı “Qanlı dərə” qəhrəmanlarının sıralarındadır.
Şəhid Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin direktoru Mənsur Hacıyev Quba qırğınları tarixinə ekskurs edərək 1918-ci ildə Quba qəzasının 162 kəndinin dağıdıldığını, bunlardan 27-sinin əhalisi ilə birgə yandırıldığını, 16 mindən çox müsəlmanın, həmçinin Digah kəndinin əhalisinin bütövlüklə qətlə yetirildiyini, o vaxtlar mövcud olan üçmərtəbəli Digah məscidinin yerlə yeksan edildiyini bir daha xatırladıb. M.Hacıyev qətiyyətlə bildirib ki, bu gün də hər bir əli silah tutan digahlı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər an Ali Baş Komandanın əmrlərinə hazırdır.
Müdafiə Nazirliyinin zabiti polkovnik Etibar Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Digah inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Feyruz Əhmədov, mayor Abakar Hacıyev və başqaları çıxış edərək gənc nəslin vətənpərvərlik tərbiyəsində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində tarixi qəhrəmanlıq ənənələrindən bəhrələnməyin, ata-babalarımızın keçdikləri şanlı döyüş yolunun öyrənilməsinin böyük əhəmiyyətini xüsusi qeyd ediblər.
Hərbi qulluqçuların məşəllərlə “Qanlı dərə”yə yürüşü din xadiminin soyqırımı qurbanlarının, şəhidlərin ruhuna oxuduğu dualar və yürüş iştirakçılarının “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Biz gəlirik, Qarabağ!” çağırışları ilə başa çatıb.
S.Xankişiyeva