Mifdən reallığa doğru: Aprel döyüşləri və Ermənistan – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Mifdən reallığa doğru: Aprel döyüşləri və Ermənistan – FOTO

13:40 - 03 / 04 / 2018
Mifdən reallığa doğru: Aprel döyüşləri və Ermənistan – FOTO

İki il əvvəl Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin nəticələri ölkəmizdə olduğu kimi Ermənistanda da geniş müzakirə edilməkdədir.

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı.

Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi.

Erməni təxribatının qarşısının qətiyyətlə alan Ordumuzun əks-hücumu nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi, bir sıra strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan təmizləndi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri, məğlubedilməz erməni ordusu haqqında mifi alt-üst edildi. Erməni əsgərləri gücsüz, cılız hesab etdikləri şanlı Azərbaycan əsgərinin qarşısında silahlarını ataraq qaçdılar, qaça bilməyənlər isə məhv edildi.

Ermənistan rəhbərliyi bu gün də Azərbaycan Ordusunun cavab zərbələrini təhrif etməyə çalışır. Sarkisyanın cinayətkar oliqarx rejiminin nəzarətində olan KİV orqanları bunun üçün gah erməni siyasi liderlərin dolaşıq geosiyasi düşüncələrini qabartmağa çalışır, gah da “İsgəndər” raketlərini ortaya atırlar. Çünki öz ordularındakı bərbad vəziyyəti artıq gizlədə bilmirlər. Dalbadal erməni əsgərlərinin intiharı, öz silah yoldaşlarını qətlə yetirmələri, fərarilik, müxtəlif cinayətləri törətmələri KİV-də geniş işıqlandırılır.

Aprel döyüşləri birinci Qarabağ müharibəsinin eyforiyası ilə yaşayan Ermənistan rəhbərliyinin iç üzünü açmış oldu və xalq 20 ildən artıq bir müddətdə aldadıldığının, münaqişənin əsarətinə çevrildiklərinin fərqinə varmağa başladı. Başa düşdü ki, keçən dövr ərzində hazırkı rəhbərlik münaqişədən ancaq hakimiyyətdə qalmaq, varlanmaq, bir sözlə, öz xeyri üçün istifadə edib. Ermənistanın 1in.am saytında getmiş “Война, которая разрушила старую Армению, не создав новой” başlıqlı məqalə dediklərimizin əyani sübutudur. Məqalədə qeyd olunur ki, dördgünlük müharibə Ermənistan cəmiyyətini köhnə miflərdən xilas olaraq yeni reallığı görməyə imkan verməklə yanaşı, hərbi-siyasi elitanın səriştəsizliyini və bacarıqsızlığını ortaya qoymuş oldu.

“Dördgünlük müharibə bizim siyasi sistemimizin Qarabağ probleminin həlli üçün düşünülmüş konkret bir planının olmadığını ortaya qoydu. 1994-cü ildən bu yana dövlətçilik ideyasını boş yerə xərcləməklə məşğul olmuşuq. Korrupsiyaya qurşanmış hakimiyyət müharibədən sonra ölkəni inkişaf etdirmək əvəzinə müharibənin özləri üçün təmin etdikləri mənfəətləri ilə yaşadı. Dördgünlük müharibə zamanı iddia edilən möhkəm dövlət modelinin dağılması, iflasa uğraması təəccüb doğurmamalıdır”- deyə, məqalədə qeyd olunur.

Ermənistan cəmiyyətində yaranan parçalanma getdikcə daha dərin kök salmaqdadır. Mənfur qonşumuzda baş verən son hadisələrdən, mətbuat yazılarından bunu açıq-aydın görmək mümkündür. “Böyük Ermənistan” xülyası ilə yaşayan sadə Ermənistan vətəndaşları deyəsən yavaş-yavaş ayılmağa, hadisələrə daha real, düzgün qiymət verməyə başlayırlar. Başqa cür ola da bilməz. Az qala dilənçi vəziyyətində yaşayan, korrupsiya və bürokratik əngəllərdən əziyyət çəkən, gələcəyi üçün heç bir təminatı olmayan erməni xalqı onsuz da bu günə kimi boş xülyalara aldanaraq böyük dözüm nümayiş etdirib.

Hakimiyyətdən narazı olanların sayının getdikcə artması, çoxsaylı etiraz aksiyaları və mitinqlər ölkə rəhbərliyini, xüsusən də Serj Sarkisyanı narahat etməyə bilməz. Çünki Ermənistanın vassal dövlətə çevrilməsi, inhisarlaşmış iqtisadiyyatının sürətlə tənəzzülə uğraması, rüşvətxor məmurların və onların yaxınlarının özbaşınalıqlarının geniş vüsət alması, istehlak qiymətlərinin mütəmadi artımı, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi, erməni əsgərlərin nizamnamədən kənar münasibətlərin qurbanı olması və bir sıra digər neqativ hallar məhz onun prezidentliyi dövründə geniş vüsət alıb.

Sarkisyanın prezidentlik dövrünün son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artaraq yüzlərlə nəfər təşkil edib ki, bu da Ermənistan kimi cılız bir dövlət üçün çox böyük göstəricidir.

Onun prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində Ermənistan tərəfindən dəfələrlə qeyri-konstruktivlik nümayiş olunduğu üçün durğunluq yaranıb.

Aydın görünür ki, yeni erməni hökuməti də heç bir tutarlı proqram-islahat həyata keçirə bilmir. Bu isə mövcud vəziyyətin daha da pisləşəcəyini deməyə əsas verir. Bunu erməni ekspertlər də təsdiq edirlər.

Ölkənin tanınmış iqtisadçısı Vilen Xaçatryan bildirib ki, Ermənistanda 2018-ci ildə vətəndaşların yaşayış səviyyəsi daha da ağırlaşacaq.

“Müəyyən edilən büdcə siyasəti həyata keçirilməlidir. Məsələn, inflyasiya varsa, təqaüdlər və maaş, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial yardımları artırılmalıdır. Bunların heç birinə Ermənistanda əməl edilmir. İndeksasiyanın tətbiq edilməməsi isə 2018-ci ildə ölkə əhalisinin yaşayış səviyyəsini ağırlaşdıracaq, alıcılıq qabiliyyəti aşağı düşəcək. Bu isə öz növbəsində deflyasiya yaradacaq”- deyə, Vilen Xaçatryan vurğulayıb.

Ölkədən insanlar kütləvi surətdə köç edirlər. Bu yaxınlarda erməni saytları rayonların birinin kəndindəki demoqrafik və sosial vəziyyət haqqında yazı hazırlamışdı. Həmin yazıda göstərilirdi ki, kənd camaatı kütləvi şəkildə yurdlarını tərk edib, Rusiyaya gedirlər.

Boşanmaların sayı da sürətlə artır. Erməni oğlanları ailələrini dağıdıb, Rusiyada yenidən evlənirlər. Səbəbi ondan ibarətdir ki, onların Ermənistanda iş tapmaları, hüquqlarını qorumaları və normal yaşamaları imkansızdır. Əsas səbəblərdən biri isə onların Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı işğalçı erməni ordusunda əsgər olmaq istəməməsi ilə bağlıdır.

Ermənilər getdikcə daha yaxşı anlamağa başlayırlar ki, Azərbaycan torpaqlarının işğalı ancaq hakimiyyətdə oturan bir qrup insana öz maraqlarını təmin etmək üçün lazımdır. Onlar yağ-bal içində üzdükləri halda, sadə insanlar səfalət içində yaşayırlar.

Bu gün heç bir dövlət Qarabağı Ermənistanın ərazisi kimi tanımır. Bu isə Ermənistanın işğalçı dövlət kimi qəbul edilməsi deməkdir. Ermənistanın özü isə Qarabağ münaqişəsinin əsarətinə çevrilib. Azərbaycan sürətlə inkişaf etdiyi, beynəlxalq arenada nüfuzunu artırdığı bir vaxtda Ermənistan getdikcə daha çox uçuruma yuvarlanmaqdadır.

Böyük regional layihələrdən kənarda qalan Ermənistan yalnız xaricdən aldığı qrantların və ianələrin hesabına varlığını sürdürməkdədir. Bunun nə qədər davam edəcəyini isə zaman göstərəcək. Çünki artıq beynəlxalq təşkilatlar və dövlətlər də ermənilərin necə riyakar və qəddar olduqlarını yaxşı bilirlər. Hətta ermənilərin özləri belə başa düşürlər ki, gec-tez Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Bu yalnız an məsələsidir.

Babək Cahandarov

Paylaş:
3719

Son xəbərlər

Bütün xəbərlər