İƏT Gənclər Forumu Azərbaycan Prezidentini təbrik edib

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) İdarə Heyəti 11 apreldə Azərbaycan Respublikası prezidenti seçkilərində əminliklə qələbə əldə etmiş İlham Əliyevə təbrik ünvanlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumat verən Forumun sədri E.İskəndərov bildirib ki, qurumun İdarə Heyətinin bu münasibətlə qəbul etdiyi xüsusi müraciətdə İlham Əliyevə seçkilərdə əminliklə əldə etdiyi qələbə münasibətilə təbriklə yanaşı, onun prezidentliyi dövründə Azərbaycan Respublikasında baş verən inkişaf nəticəsində Azərbaycan dünya aləmində, o cümlədən İƏT ölkələrində xüsusi çəkisi olan dövlətlərdən birinə çevrilib. Müraciətdə həmçinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumunun, bu gün dünyada əhalisinə görə ən böyük gənclər təbəqəsinə malik regionun gənclik siyasətini həyata keçirən beynəlxalq qurum kimi formalaşmasında Azərbaycan Prezidentinin göstərdiyi diqqət və qayğı münasibətilə təşəkkür bildirilib, onun İƏT arealında gəncliyin inkişafı, İƏT ölkələri arasında həmrəyliyin gücləndirilməsi üçün göstərdiyi təşəbbüslər yüksək qiymətləndirilib.
Müraciətdə eləcə də növbəti 7 il ərzində inkişaf kursunun davam edəcəyinə, ölkənin qarşısında duran bütün məsələlərin, xüsusuilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına AR Prezidentinin liderliyi ilə nail olunacagına əminlik ifadə edilib.
Müraciətdə qeyd olunub ki, İƏT Gənclər Forumu Dağlıq Qarabağ, xüsusilə bəşəriyyətə qarşı cinayət hesab olunan Xocalı soyqırımı haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl addımlar atır və Azərbaycanın bununla bağlı apardığı fəaliyyətlərdə yaxından iştirak edir.
S.Xankişiyeva