Cəbhədə gərgin gecə: düşmən qumbaraatanlardan mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Babək Cahandarov