Hikmət Hacıyev: “Onları da eyni aqibət gözləyir”

“Əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxs Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışır”.
1news.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ siyasətinin fiasko ilə nəticələnəcəyi ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Yeni Ermənistan hakimiyyəti əvvəlki rejimin siyasətini davan etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir.
Ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçilik modeli əsasında Azərbaycan regionun aparıcı dövlətidir”- deyə, XİN rəsmisi qeyd edib.
1news.az