Bakıda Norveçin milli bayramı qeyd edilib - FOTO

Bakıda Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə rəsmi qəbul təşkil edib.
1news.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, səfirlər, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın və Norveçin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Norveçin Bakıdakı səfiri Bard İvar Svendsen ölkə Konstitusiyasının 204 yaşının qeyd edildiyini bildirərək bu gün müasir Norveçin müxtəlifliyin, bərabərliyin, şəffaflığın bərqərar edildiyi bir ölkə olduğunu vurğulayıb.
Diplomat deyib ki, müasir Norveç iqtisadi inkişafa malik firavan ölkədir: “Bu ənənələrin qorunması, inkişaf etdirilməsi bizim vəzifəmizdir”.
Bu gün, eyni zamanda, Azərbaycanla dostluğun qeyd edildiyini bildirən səfir söyləyib ki, bu dostluq siyasi müstəvidə əlaqələri, enerji sahəsində əməkdaşlığı daha da gücləndirir:
“Bu illər ərzində çoxlu sayda norveçli Azərbaycanda yaşayıb və yaşayır. Norveç Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.
Energetika naziri Pərviz Şahbazov Norveç xalqını Konstitusiya Günü münasibətilə Azərbaycan hökuməti adından təbrik edib. Nazir qeyd edib ki, ötən 26 il ərzində Azərbaycan-Norveç münasibətləri bir çox istiqamətlərdə uğurla inkişaf edib. 1992-ci ildən əsası qoyulmuş ikitərəfli diplomatik əlaqələr həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, reallaşdırılan layihələrlə daha da möhkəmlənib. Xüsusi olaraq qeyd edilməlidir ki, Norveç Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəkləyir.
Nazir Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri kimi "Statoil" şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətinin enerji əməkdaşlığına böyük töhfə verdiyini diqqətə çatdırıb. O deyib ki, Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqaviləni “Statoil” şirkətinin imzalaması Azərbaycan-Norveç münasibətlərinin uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradacaq. Norveçin “Statoil” şirkətinin timsalında ölkəmizin prioritetlərindən biri də yeni yataqların işlənməsi və kəşfiyyat imkanlarını aşkarlamaq, bunlardan bəhrələnməyə çalışmaqdır. “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı istiqamətində görülən işlər bu prioritetə cavab verməklə yanaşı, ölkələrimiz arasında enerji əməkdaşlığında yeni səhifə açır.
Nazir iki ölkənin bütün sahələrdə münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu deyib və Azərbaycan ilə Norveç arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə həm enerji, həm də digər sahələrdə daha geniş məcrada inkişafına ümidvar olduğunu qeyd edib.
P. Sultanova