Mübariz Əhmədoğlu: Qoşunların təmas xəttindəki sabitlik Ermənistanı ciddi narahat edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Qoşunların təmas xəttindəki sabitlik Ermənistanı ciddi narahat edir

10:43 - 22 / 05 / 2018
Mübariz Əhmədoğlu: Qoşunların təmas xəttindəki sabitlik Ermənistanı ciddi  narahat edir

Rəsmi Yerevan müntəzəm sürətdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar yayır. 

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, bir il bundan qabaq həftə ərzində 1500-2000 dəfə atəşkəs rejimi pozulurdu. Son bir ildə bu rəqəm 200-300 – dək xeyli azalıb. Ermənistanda mitinq günlərində atəşkəs rejiminin pozulmasının sayı ilə bağlı rəsmi Yerevanın yaydığı məlumatda da trend azalma istiqamətində idi.

"Rəsmi Yerevanın məlumatına görə son həftə ərazində atəşkəs rejimi 50 dəfə pozulub. Atəşkəs rejimi ilə bağlı dinamikanın müqayisəli təhlili vəziyyətin tam sabit olduğunu göstərir. Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejimi Ermənistanın da üzv olduğu KTMT-nin  bəzi dövlətləri arasındakı atəşkəs rejiminə nisbətən daha sabitdir.  Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunlarının təmas xəttində atəşkəs rejiminin bərqərar olması tam aydındır. Bunu Azərbaycan Xİ naziri E.Məmmədyarovun ATƏT MQ həmsədrləri ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A. Kaspşik də təsdiqlədi. Yeni müdafiə naziri David Tonoyan  isə A. Kaspşiklə görüşü zamanı ona bunun tərsini sübut etmək istəyirdi. Atəşkəs rejimi barədə məlumatı rəhbərlik etdiyi qurumun yaydığını unutdu", politoloq əlavə edib.

Onun sözlərinə görə, ermənilər bu vaxtadək iddia edirdilər ki, məhz atəşkəs rejiminin tez-tez pozulması sülh danışıqlarına maneçilik törədir: "İndi atəşkəs rejimi bərqərar olub. Amma Ermənistan yenə sülh danışıqlarının başlamamasına və uğurla nəticələnməməsinə bəhanə axtarır.   D.Tonoyandan bir az öncə Nikol Paşinyanın Dağlıq Qarabağda səsləndirdiyi fikirlərin ümumi konteksti və Ermənistan Xarici İşlər Nazirliyinin 3 bəyanatı göstərir ki, ermənilər danışıqlara hazır deyillər. Amma danışıqlara hazır olmamalarını atəşkəs rejiminin pozulması adı altında gizlətmək niyyətindədirlər.

Sadəcə Ermənistan rəsmiləri analitik ağılı inkar etdikləri üçün düşünürlər ki, bütün dünya da  eynilə belə düşünür.  Məhz beynəlxalq ictimaiyyətin narahatlığıdır ki, Ermənistanda hələ inqilab dövrlərində olunan müraciətlərdə də Dağlıq Qarabağ tənzimlənməsi ön plana çıxarılırdı. Aİ nin xarici siyasət məsələləri üzrə təmsilçisi F. Moqerinin Nikol Paşinyana göndərdiyi müraciət və yaxud ABŞ prezidenti D.Trampın göndərdiyi məktubdakı Dağlıq Qarabağa dair hissə bunu aydın göstərir. Rusiya tərəfinin də mövqeyində Dağlıq Qarabağ tənzimlənməsi ön plandadır. Ermənistan atəşkəs rejiminin pozulmasını bir daha bəhanə etməməlidir".

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər