“Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur” – Vətəndaş məktubları

09:29 - 11 / 06 / 2020
“Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Mətanət Quliyevadan, Şəmkir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Həyatımı dəyişən xəbəri və o günü xatırladıqca ilahi ədalətin var olduğuna bütün ruhumla təkrar-təkrar inanıram. Həyat qayğılarımın hökm sürdüyü və ömrümün eniş dövründə, üstəlik, bütün bunlardan əlavə, sağlamlığımın mənimlə savaşa qalxdığı bir vaxtda bir xəbər oxudum : Prezident mükafatçısı olmuşam. Həmin anı və o anın yaşatdığı hissləri ifadə etməyə nə mənim, nə də qələmimim gücü çatar. Təkcə onu deyim ki, o xəbər yaralarıma məlhəm, yorğunluqdan bükülən dizlərimə güc oldu, məni həyata bağladı, mübarizəyə səslədi. Bütün bunlara görə sizə minnətdaram, cənab Prezident!

Əlilliyi olan şəxslər üçün yaratdığınız çoxşaxəli imkanlar və bu istiqamətdə aparılan işlər bir daha imkan yaradır ki, bu qəbildən olan hər bir şəxs cəmiyyətdə öz yerini tutsun. Ürəklə deyə bilərəm ki, bu gün mənim kimi gənclərin hədəflərinə doğru addımlaması üçün heç bir əngəl yoxdur. Bizim Sizə, Sizin qayğınıza hər zaman ehtiyacımız var”.

Rasim və Səidə Məmmədovlardan, Sumqayıt, Azərbaycan

“Zati-aliləri cənab Prezident.

Sizin rəhbərliyinizlə korrupsiya hallarına qarşı həyata keçirilən sərt tədbirlər bizi çox sevindirir. Bu işləri diqqətlə seyr edir, ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, sağlam ab-havanın yarandığını duyuruq. Əsas isə odur ki, Siz bu yolda qətiyyətli və dönməzsiniz, eynilə atanız kimi... Sizin bu iradəniz bir çoxlarının yuxusuna haram qatıb. İstər xaricdə, istərsə də daxildəki düşmənlərimiz Azərbaycanın bu uğurlarını həzm edə bilmirlər, edə də bilməzlər. Çünki Sizin rəhbərliyinizlə qazanılan uğurlar onların boğazına sanki bir sümük kimi tıxanıb.

Bilin ki, bütün xalq Sizə inanır. Bu xalq ümummilli liderimiz Heydər Əliyevin bir kəlməsi ilə 1994-1995-ci illərdə Azadlıq meydanına toplaşıb onunla bir olduğunu bütün dünyaya göstərdiyi kimi, Sizin də bir kəlmənizlə meydana çıxıb arxanızca getməyə hər zaman hazırdır. Allah Sizi qorusun”.

Füzuli Hacıyevdən, Bakı, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Mən Sizin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 2020-ci il 8 iyun tarixli Sərəncamınızı oxuyarkən qəlbim çox böyük fərəh və qürur hissi ilə doldu. Çünki nəinki Qafqazda və Azərbaycanda, habelə bütün dünyada çox nadir tarixi mədəniyyət nümunəsinə yeni həyat vermək ancaq Sizin kimi torpağını, tarixini sevən böyük şəxsiyyətlərə qismət olur.

Möhtərəm cənab Prezident, Beşbarmaq dağı çox böyük bir tariximizin möhtəşəm bir parçasıdır. Bu müqəddəs məkanda Musa və Xızır peyğəmbərlərin görüşdüyü yer, eramızın əvvəllərində tikilmiş Beşbarmaq səddi və saymaqla bitməyən digər tarixi abidələr yatır. Sizə çox böyük minnətdarlığımı bildirirəm, əziz Prezidentim! Tarixə münasibətin möhtəşəm nümunəsi budur”.

Vaqif Behbudovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanımız gündən-günə inkişaf edir. Bu inkişaf məhz Sizin zəhmətinizin, siyasi iradənizin sayəsində gerçəkləşir.

Mən şəhid oğluyam, atamın şəhid olmasından üç ay sonra dünyaya gəlmişəm. Atamın adını mənə qoyublar və bununla fəxr edirəm. Həm də ona görə fəxr edirəm ki, dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir. Bu qayğını Sizin yürütdüyünüz uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qürur, fərəh hissi yaradır.

Siz çıxışlarınızda hər bir şəhidin və onun ailəsinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olduğunu qeyd edirsiniz. Sizin şəhid ailələri ilə görüşləriniz bu qayğının tükənməz olduğunu göstərir. Buna görə də bizim - şəhid ailələrinin yaşayışı ildən-ilə yaxşılaşır.

Biz şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən məmnunluq hiss duyuruq və əhatə olunduğumuz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk”.

Əvəz Haqverdiyevdən, Mingəçevir, Azərbaycan

“Möhtərəm Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin daimi diqqət və qayğısı ilə inkişaf edən Mingəçevir bu gün Sizin həyata keçirdiyiniz siyasət nəticəsində özünün yüksəliş dövrünü yaşayır. Ölkə energetikasının flaqmanı olan “Azərbaycan” İES-in yenidən qurulması barədə verdiyiniz tapşırıq uğurla yerinə yetirilir. Artıq əsaslı təmir və bərpa işləri yekunlaşmaq üzrədir. “Azərbaycan” İES-in indiki görkəmi, orada aparılan işlər təqdirəlayiqdir.

Aparılan bu işlərə görə, cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Emin Pənahovdan, Tərtər, Azərbaycan

“Cənab Prezident.

Rayonumuzda tərtərli gənclərin və idmançıların uzun illərdən bəri həsrətində olduğu möhtəşəm Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi bizə sonsuz sevinc hissləri yaşatdı. Bu Olimpiya İdman Kompleksi tərtərli gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmana marağının artmasında mühüm rol oynayacaq.

Kompleksdə olan müxtəlif idman yarışlarının keçirilməsi üçün universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu gənclərimizin ölkə daxilində və beynəlxalq arenada keçirilən idman yarışlarında uğur qazanmalarına zəmin yaradır. Biz idman yarışlarına ev sahibliyi də edəcəyik, idmanın kütləviliyini təmin edərək, gənclərimizin fiziki və mənəvi sağlamlığını qoruyacağıq.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun çoxsaylı gəncləri və idmançıları adından Sizə minnətdarlığımızı bildiririk. Gənclərimiz bütün sahələrdə Sizin diqqət və qayğınızı hiss edir və Sizi dəstəkləyirlər. Tanrı Sizi qorusun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər