Məşhur tennisçi hakimi topla vurduğuna görə ağır cəzalandı - VİDEO
Dünya reytinqində ilk pillədə qərarlaşan tennisçisi Novak Cokoviç xətt hakimini topla vurduğuna görə ABŞ-ın Açıq çempionatından (US Open) diskvalifikasiya edilib.
1news.az Offsideplus.az-a istinadən xəbər verir ki, serbiyalı tennisçi 1/8 finalda ispaniyalı Pablo Karrenyo-Busta ilə görüşün birinci setində 5:6 hesabı ilə geridə olarkən raketkası ilə topu meydanın kənarına sərt şəkildə vurub və top hakimin boğazına dəyib. 33 yaşlı idmançı dərhal qadın hakimin yanına gedərək üzr istəyib, tibbi müdaxilə zamanı yanında dayanıb.
Turnirin təşkilatçıları Cokoviçin US Opendə qazandığı bütün reytinq xallarını itirəcəyini və pul cəriməsi ödəyəcəyini açıqlayıb. Pablo Karrenyo-Busta 1/4 finala yüksələn ilk tennisçi olub.
Cokoviç XXI əsrdə Böyük Dəbilqə turnirində (kişilərin fərdi yarışında) diskvalifikasiya edilən ilk tennisçidir.
Qeyd edək ki, Novak Cokoviç 2011, 2015 və 2018-ci illərdə sözügedən turnirin qalibi olub.
1news.az