Xətai rayonunda bu yollarda təmir işləri aparılır - FOTO
2021-ci ilin investisiya proqramına uyğun olaraq, paytaxtın Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 11,4 kilometrlik küçə və yolda təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Kazımağa Kərimov və Xudu Məmmədov küçələri əsaslı şəkildə təmir olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, uzunluğu 2,1 kilometr, eni ortalama 8-10 metr təşkil edən Kazımağa Kərimov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Təmir zamanı küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Ümumilikdə, tikintinin aparılacağı ümumi sahə 24 min kvadratmetrdən çoxdur. Yuxarıda qeyd edilən təmir işləri artıq ərazinin 17 min kvadratmetrlik hissəsində yekunlaşmaq üzrədir.
Xətai rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində də aparılıb. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2,1 kilometr, eni isə ortalama 20 metrə qədər təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonuncu mərhələdə isə hər iki küçəboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Cari ildə İnvestisiya Proqramına uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 kilometr uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.