Tokio-2020: Azərbaycan paralimpiyaçıları 11-ci qızıl medalı qazanıb – FOTO – VİDEO
Üzgüçümüz Vəli İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz, həmçinin bu nəticə ilə Paralimpiya rekordu müəyyənləşdirib.
Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.
Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizəatma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.