Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər – FOTO
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına qatılacaqlar.
Qonaqların əvvəlcə Cıdır düzü, Bülbülün ev-muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev-muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini ziyarət etmələri nəzərdə tutulur.
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır. Bu il mayın 12-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edib.
Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur. 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək.