“Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı Azərbaycanın növbəti uğurudur” - Deputat
“Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzərinə Ermənistana qarşı tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verdi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O, bildirib ki, bu qərar Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir.
“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra dəymiş ziyanın hesablanması ilə bağlı xüsusi işlər görməyə başladı. Öncədən təxmini nə qədər ziyanın dəydiyi bilinirdi. Ancaq real faktlar əsasında bunu hesablamaq və beynəlxalq ekspertlərin köməyi ilə bunu daha real və işlək vəziyyətə salmaq mümkün oldu. Ayın 7-də elan olunan qərar bu proseslərin başlanğıcı kimi qiymətləndirilməlidir.
Bizə çox böyük zərər dəyib, faktiki olaraq ermənilər Qarabağ və Şərqi Zəngəzur zonasında daşı daş üstə qoymayıblar. Bütün evlər dağıdılıb, materialları satıblar, daşıyıblar. Həmçinin çox amansızlıq göstərərək bizim soydaşlarımızın uyuduqları qəbirisanlıqlarda belə qəbir daşlarını dağıdıblar. Bir sözlə, tarixi, mədəni abidələri, yaşayış yerlərini, infrastruktur layihələrini məhv ediblər. Həm də flora və faunaya çox böyük ziyan vurublar, ekoloji terror həyata keçiriblər. Hətta bu gün belə Oxçuçayı çirkləndirməyə davam edirlər”.
“Düşünürük ki, çox iddialarla çıxış edəcəyik. Mütləq Ermənistan tərəfindən dəymiş ziyanla bağlı təzminat istəniləcək” - deyə, deputat əlavə edib:
“Beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü bu iddia ilə bağlı verilən qərar bu proseslərin başlanğıcıdır. Düşünürəm ki, bu, Azərbaycanın növbəti uğurudur və bu uğurlar davamlı olmalıdır. Bizə qarşı törədilmiş bütün cinayətlərin səbəbkarlarının cəzalanmasına nail olmalıyıq. Həmçinin Xocalı soyqırımı törətmiş və axtarışda olan ermənilərin də cəzalanmasını mütləq tələb etməliyik”.