PSJ-dən son dəqiqə qolu, “Mançester Siti”dən darmadağın | 1news.az | Xəbərlər
Futbol

PSJ-dən son dəqiqə qolu, “Mançester Siti”dən darmadağın

09:37 - 16 / 02 / 2022
PSJ-dən son dəqiqə qolu, “Mançester Siti”dən darmadağın

Avrokuboklarda 2021/22 mövsümünün pley-off mərhələsi start götürüb.

1news.az xəbər verir ki, ilk olaraq Çempionlar Liqasının 1/8 finalında mübarizə başlayıb.

İlk oyunlar çərçivəsində iki görüş baş tutub. Son finalçı "Mançester Siti" Lissabonda "Sportinq"in qonağı olub. İngiltərə təmsilçisi nəinki matçın, ümumilikdə cütün taleyini birinci hissədəcə həll edib. Fasiləyə qədər rəqib qapısından 4 cavabsız top keçirən "şəhərlilər" qol yağışını ikinci hissədə də davam etdirib. Nəticədə rəqibini darmadağın edən "Mançester Siti" 1/4 finala vəsiqəni, demək olar ki, təmin edib.

Mərhələnin ən diqqətçəkən matçı Parisdə baş tutub. Turnirin favoritlərindən PSJ ilə "Real" üz-üzə gəlib. Bu, "Barselona"nın əfsanəsi Lionel Messinin fərqli komandanın heyətində" "kral klubu"na qarşı ilk görüşə çıxması ilə əlamətdar olub. Argentinalı əzəli rəqibini bu dəfə də cəzalandırmaq şansı yaxalasa da, ikinci hissədə penaltini qola çevirə bilməyib. Buna baxmayaraq, fransızlar görüşdən qələbə ilə ayrılmağı bacarıb. Kilian Mbappenin əlavə edilmiş sonuncu dəqiqədə vurduğu yeganə top səfər matçı öncəsi PSJ-yə üstünlük qazandırıb.

Bu cütlüklər arasında cavab oyunları martın 9-da keçiriləcək.

Qeyd edək ki, ikinci oyun günündə 1/8 finalın daha iki oyunu olacaq. "İnter" "Liverpul"u, "Zalsburq" isə "Bavariya"nı qəbul edəcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
15 fevral

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5
Qollar: Mahrez, 7, Silva, 17, 44, Foden, 32, Sterlinq, 58

PSJ (Fransa) - "Real" (İspaniya) - 1:0
Qol: Mbappe, 90+4

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər