Azərbaycan güləşçisi üçqat Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Avropa çempionatında qızıl medal qazanıb.
1news.az xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində çıxış edən R.Hüseynov startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Təmsilçimiz final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0.
Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov üçqat Avropa çempionu olub.
Güləşçimiz 2011-ci ildə Almaniyada və 2020-ci ildə İtaliyada keçirilən Avropa çempionatlarında da birinci olub. Təmsilçimiz 2018-ci ildə Rusiyada təşkil olunan qitə birinciliyini üçüncü pillədə başa vurub. R.Hüseynov ötən il Norveçdə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
1news.az