Elxan Məmmədov Moldova Futbol Federasiyasının nümayəndələri ilə görüşüb - FOTO
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Moldova Futbol Federasiyasının nümayəndələri ilə görüşüb.
1news.az xəbər verir ki, görüş zamanı iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Moldovanın Kişinyov şəhərində Moldova Futbol Federasiyasından olan dostlarımla birlikdə olmaq və FIFA FORWARD Layihəsi çərçivəsində tikilmiş Çimərlik Futbolu/Minifutbol Arenasına baş çəkmək xoş oldu”, - deyə Elxan Məmmədov bildirib.
Qeyd edək ki, AFFA-nın keçmiş baş katibi E.Məmmədov yeni vəzifədə mayın 1-dən çalışır. O, müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətini həyata keçirir.