Prezident və birinci xanım Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.
1news.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.
Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunub. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri bərpa edilib.
Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və “Güldəstə”sini də əhatə edir.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Qeyd olundu ki, bulağın damı əvvəlki vəziyyətinə gətirilib.
Məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcək. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Qeyd olundu ki, təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.