“Kirayə mənzillər var ki, onların qiyməti 1000-1500 manat ətrafındadır” - Ekspertlə müsahibə | 1news.az | Xəbərlər
Müsahibə

“Kirayə mənzillər var ki, onların qiyməti 1000-1500 manat ətrafındadır” - Ekspertlə müsahibə

Aynurə Xudaverdiyeva10:47 - 14 / 01 / 2023
“Kirayə mənzillər var ki, onların qiyməti 1000-1500 manat ətrafındadır” - Ekspertlə müsahibə

“Mərkəzdə elə kirayə mənzillər var ki, onların qiyməti 1000-1500 manat civarındadır”.

Bu sözləri 1news.az-a müsahibəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

Müsahibəni təqdim edirik:

- Ötən illərlə müqayisədə hazırda mənzil kirayələrinin qiymətində artım müşahidə olunurmu?

- Ötən illərə müqayisədə hazırda mənzillərin kirayə qiymətlərində artım müşahidə olunur. Biz çox ciddi şəkildə bu artımı hiss edirik. Ötən illərə nisbətən hazırda mənzillərin kirayə qiymətlərində artım müşahidə olunmasının əsas səbəbi tələbatın çox olmasının göstəricisidir. Bildiyimiz kimi pandemiya həyatımıza girdikdən sonra bir çox ali təhsil müəssələri və iş yerləri onlayn rejimə keçid etdi. Bununla da Bakıya gəliş nisbətən azaldı. Lakin biz pandemiya qaydalarına riayət etdiyimiz üçün onlayn rejimdən ənənəvi rejimə keçdiyimizə görə paytaxt ərazisində yerləşən mənzillərə də tələbat artmağa başladı. Əlavə olaraq Rusiya-Ukrayna müharibəsi də kirayə mənzil qiymətlərinin artımına təsirsiz ötüşmədi. Belə ki, sözügedən ölkələrdə yaşayan azərbaycanlılar və xaricilər ölkəmizə üz tutduqları zaman onlara yaşamaq üçün kirayə mənzil lazım idi. Həmçinin İranda baş verən vəziyyəti də qiymət artımına səbəblərdən biri kimi göstərə bilərik. Bununla da biz son 10 ildə mənzillərin kirayə qiymətlərində artımın ən yüksək dönəmini görmüş olduq. Bütün bunlardan əlavə Azərbaycan manatının dünyada gedən qlobal infilyasiyaya getməsi səbəbindən alıcılıq qabiliyyəti aşağı düşüb.

- Sentyabr ayında hər il paytaxta gələn tələbələrin say çoxluğundan kirayə haqlarının qiyməti də çoxalır. Həmin vaxtdan uzun müddət keçib. Yenə də qiymətlərin baha olma səbəbi nədir?

- Hər il sentyabr ayında kirayə mənzillərin qiymət artımı labüd olub. Əgər fors-major hallar yaşanmasa, məsələn pandemiya və s. məsələr baş verməsə hər il sentyabrda kirayə mənzillərdə qiymət artımının olması halları normaldır. Əslində təkcə bu amil yox həm də 44 günlük Vətən Müharibəsindən sonra da qonşu ölkələrdən investorlar ölkəmizə yatırım etməyə maraq göstəriblər. Bu əslində həm onların özləri həm də komandalarının ölkəmizdə yeni kirayə mənzil istifadəçisi olması deməkdir. Bu kimi amillərə görə, biz sentyabrdan bu yana hər hansısa ucuzlaşmanın şahidi olmamışıq.

- Ən ucuz və ən baha qiymətlər təxmini neçə manatdır?

- Bu suala konkret cavab vermək olmur. Çünki qiymətlər əraziyə, evin şəraitinə görə dəyişir. Elə sakin var ki, yüksək komfortlu evlərə üstünlük verir. Elə sakinlər də var ki, onlar üçün sadəcə qalmağa yer lazımdır. Bunlar, əsasən, rayonlardan paytaxta gələn işçi qüvvəsidir ki, onlar üçün qiymətin az olması vacibdir. Amma ümumi aralığı götürsək təxmini qiymətlər şəhər mərkəzindən çox da uzaq olmayan 1 otaqlı və ya 2 otaqlı mənzillərin minimum qiyməti minimum 450 manat, maksimum isə 700 manat aralığındadır. Mərkəzdə elə kirayə mənzillər var ki, onların kirayə qiyməti 1000-1500 manat civarındadır. Təbii ki, söhbət komfortluluq səviyyəsi yüksək olan evlərdən gedir.

- Müqaviləli kirayələr var. Ev sahibi müqaviləsiz kirayə mənzil verdikdə nə kimi fəsadlarla qarşılaşa bilər?

- Qanunvericiliyə əsasən mənzil sahibi evini kirayəyə verdikdə mütləq şəkildə müqavilə hazırlamalı qarşı tərəfə təqdim etməli və hər iki tərəf notariat qaydada bunu təsdiq etməlidirlər. Müqavilə evin əşyalarının zərər görməməsi, oğurluq hallarının baş verməməsi və yanğın kimi hallarda məsuliyyədən yayınmamaq üçündür. Amma bəzi hallarda müqavilə imzalanmır bu da baş verə biləcək hallardan qarşı tərəfi sığortalamır.

- Bəzi ölkələrdə kirayə ödənişini həftəlik alırlar, ölkəmizdə isə də bu aylıqdır. Ödəniş həftəlik olsa bu yaxşı olmaz?

- Bu tip kirayələrdə xarici ölkələrdə ilk olaraq kirayədə qalacaq şəxs depozit qoyur. Həmçinin müqavilə şərtlərinə əsasən hər hansısa əşya evdə qalan şəxs tərəfindən sıradan çıxarılıb yararsız vəziyyətə düşürsə, bu zaman ödənişi etməlidir. Müqavilələr əsasən 3-6 aylıq olur. Əgər kirayədə qalan şəxs bu vaxtdan əvvəl çıxmaq istəyirsə, ev sahibinə bildirməlidir. Bir problem çıxmasa, onun əvəzinə kirayədə qalacaq şəxs tapılsa ödədiyi ödəniş geri qaytarılır. Bizdə isə belədir əgər ev sahibi 1 illik kirayədən 5000 manat qazanıbsa, kirayəçi evdən çıxan zaman mənzili elə günə qoyur ki, ev yiyəsi 1000-1500 manat xərc çəkir.

- Obyektlərin icarəsi ilə bağlı vəziyyət nə yerdədir?

- Pandemiya dövründə obyektlərin icarəsində geriləmə halları baş verdi. Belə ki, hər yer qapalı olduğu üçün obyektlər də fəaliyyət göstərə bilmirdi. Amma indi pandemiyadan əvvəlki illərlə müqayisə etsək qiymətlər əvvəlki kimi yüksəkdir. Yuxarıda qeyd etdiyim kimi, əgər fors-major hallar, epidemiya baş verməsə, yenə yüksək olma ehtimalı var.

Paylaş:
2170

Son xəbərlər

Bütün xəbərlər