Kəmalə Ağazadə: “Ər xəyanət edir, sonra da münaqişə zəmnində arvadını öldürür”
Qadınların əks cinsin nümayəndələri tərəfindən zorakılığa məruz qalması faktları günü-gündən artır.
Maraqlısı odur ki, “qolu güclülər” qadınları qəribə üsullarla və işgəncə ilə öldürürlər.
Gündəlik olaraq sosial şəbəkələr, televiziya, radio vasitəsilə qadınların məişət zəminində öldürülməsi faktından xəbərdar oluruq. Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki intihar etməli olur. Azərbaycanda qadına qarşı zorakılığın dinamikası azalmır, əksinə, statistikalara baxdıqda bu rəqəm, əfsuslar olsun ki, artmağa davam edir. Maraqlıdır ki, bu rəqəmlərin artmasının əsas səbəbləri nədir? Təhsil və iqtisadi asılılıq qadınların zorakılığa məruz qalmasında mühüm rol oynayırmı?
Məsələ ilə bağlı 1news.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib. Onun sözlərinə görə, qadınların öldürülməsinin əsas səbəblərindən biri onların təhsildən məcburi uzaqlaşdırılmasıdır:
“Ümümiyyətlə, təkcə qadın yox ümumi qətllərin səbəbinin kökündə kiçik mübahisələr dayanır. Kiçik mübahisələr böyüyüb böyük münaqişələrə səbəb olur. Qadınların məişət zəmnində qətlə yetirilməsi mövzusuna gəldiyimiz zaman bunun hər birinin arxasında ailə dəyərləri, ailə münasibətləri dayanır. İki insanın bir araya gəlib ailə qurmasından əvvəl onların necə bir ailədə böyüyüb formalaşmasına da nəzər salmaq lazımdır. Bu gün qətlə yetirilən qadınların və onları qətlə yetirən şəxslərin sosial portretinə baxdıqda görə bilərik ki, böyük əksəriyyəti bir-birini sevmədən evlənib. Müəyyən bir ailə basqısı olur deyə evlənənlər də olur. Bu tip cinayət hadisələri zamanı, qadın ölür, cinayətkar həbs həyatı yaşayır ortada qalan isə azyaşlılar olur. Əsasən, cinayətlər müxtəlif səbəblər nəticəsində baş verir. Bu səblərdən ən çox rastlananları müəyyən pis vərdişləri olanlar misal üçün narkotik və spirtli içki aludəçiləri səbəb olur. Sonra qızları təhsildən uzaqlaşdırıb “bu bizim adət-ənənələrimizdir” deyib müəyyən steraotiplər qoyaraq, onları məcburi ərə verirlər. Ailədaxili münaqişələr də qadınların öldürülməsinə gətirib çıxarır. Kişi xəyanət edir, bu evdə mübahisəyə səbəb olur. Əksər hallarda mübahisə böyük münaqişələrə gətirib çıxarır. Səbəblər çoxdur, individualdır”.
Həmçinin Kəmalə Ağazadə bildirib ki, gəlin-qayınana münasibətlərindəki mübahisələr intiharlara da gətirib çıxara bilir:
“Bir də məsələn tez-tez rastlaşırıq, “mən qayınanayam”, “mən baldızam sözüm keçməlidir” deyib ailəyə kənar müdaxilələr edirlər. Ailədə dominantlıq göstərmələri, yerli-yersiz müdaxilələr də səbəb olur. Gəlin-qayınana problemləri bəzi hallarda ölümlə sonlanır. İntiharlara da baxdığımız zaman evli qadınların özünü öldürməsinə əsas səbəb elə bu sadaladığım məsələlər olur. Əlavə olaraq da deyim bu cür münaqişələrdə qayınana gəlinə "mən səni almışam", "mən səni gətirmişəm", "kim idin sən”, “kimə lazım idin?" deyib alçaltmağa çalışırlar. Bu tip mənfi aqressiv yanaşma əlbəttə ki, böyük problemlərə səbəb olacaq”.