Metro çıxışlarında, bazarlarda ucuz qiymətə satılan kolbasalar – “Bəlkə də ölmüş heyvan ətindəndir” - ŞƏRH
Dünyanın hər yerində ekoloji tarazlığın pozulduğu və qarşısıalınmaz ağır xəstəliklərin, mənşəyi məlum olmayan virusların çoxaldığı bir vaxtda, nədənsə, Bakı şəhərində fəaliyyət göstərən bazarətrafı qanunsuz küçə ticarəti hələ də davam etməkdədir.
Paytaxtın müxtəlif ərazilərdə bəlkə də çoxlarımızın qarşısına insanı təəccübləndirə biləcək qədər ucuz qiymətə kolbasa satışı həyata keçirilir. Maraqlıdır ki, görəsən, bu kolbasaları marketdə satılan kolbasalardan nə fərqləndirir ki, bu qədər ucuz qiymətə satılır?
Məsələ ilə bağlı 1news.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, sözügedən kolbasaların tərkibi haqqında heç bir dəqiq məlumat yoxdur:
"Bu mövzu ilə bağlı bizə demək olar ki, hər həftə zənglər gəlir. Metro çıxışlarında, xüsusilə də “8-ci Kilometr” bazarında bu kolbasalardan çox görə bilərik. Ümumiyyətlə, bu tip kolbasaların tərkibi su, duz və mənşəyi məlum olmayan, bəlkə də ölmüş heyvan ətindəndir. Şübhəsiz ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə ölü heyvan ətləri satan şəxsləri müəyyən edib. Ölmüş at, eşşək, dana ətlərinin əlbəttə ki, getdiyi ilk ünvan bu dırnaqarası kolbasa sexləridir. Mən vətəndaşlarımıza bu cür mənşəyi bilinməyən, mundar ətlərdən hazırlanan qidalardan uzaq durmağı tövsiyyə edirəm. Ümumiyyətlə, etiketsiz məhsul almamaq lazımdır. Fikir versəniz görərsiniz ki, sözügedən kolbasaların etiketləri, tərkibləri haqqında bir məlumat yoxdur. Bu cür kolbasalar insan sağlamlığına ciddi ziyanını vurur. Həmin leş heyvanların ətlərinə müəyyən dadlandırıcı vasitələr vururlar, fərqli inqridentlər qataraq dada gətirirlər".
E.Hüseynov bildirib ki, buna baxmayaraq ölkəmizdə təmiz məhsullarla hazırlanan kolbasalar da var:
"Lakin kolbasa bazarında təmiz məhsullarla hazırlanan kolbasalar da var. Ölkəmizə, əsasən, 70 faiz xarici ölkələrdən, xüsusilə də Rusiyadan kolbasa idxal olunur. 30 faiz də öz məhsullarımızdır. Mən təklif edirəm ki, öz halal, tərkibi bəlli olan kolbasalara üstünlük verilsin. Çünki xaricdən gətirilən kolbasalara kiyməvi maddələr vurulur ki, onlar xarab olmasın. Bunlar da insan orqanizmində ciddi problemlərə səbəb olur. Azərbaycanda təmiz mal ətindən kolbasalar hazırlayan istehsalçılar var. İnsanlara bu istehlakçıları araşdırıb, sonra məhsullarını almağı tövsiyyə edirəm".