Azərbaycanın Ermənistanla sərhəddə buraxılış məntəqəsi qurmasının önəmi nələrdir? – Cavanşir Feyziyevdən ŞƏRH
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz ərazi suverenliyi bərpa etməsi deməkdir.
“Bu çox vacib və önəmli addımdır. Artıq bununla da demək olar ki, Azərbaycan özünün bütün ərazisində öz hakimiyyət hüquqlarını tam bərpa etmiş oldu. Ermənistanla sərhədə beynəlxalq qanunlara uyğun şəkildə nəzarət edilməsi bir çox problemləri birdəfəlik həll etmiş olacaq. Birincisi, ölkə ərazisinə giriş-çıxış, idxal-ixrac əməliyyatları dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da milli təhlükəsizliyimizin təmin edilməsinin başlıca şərtlərindən biridir. Artıq Azərbaycan ərazisində talan edilmiş mal və məhsulların Ermənistan ərazisinə və ya Ermənistan vasitəsilə üçüncü ölkələrə göndərilməsi mümkün olmayacaq. İkincisi, Ermənistan ərazisindən ermənilərin və üçüncü tərəflərin ərazimizə qeyri-qanuni şəkildə girişinin qarşısı birdəfəlik alınacaq".
“Münaqişə dövründə olduğu kimi, Ermənistan ərazisindən ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə silah-sursat keçirilməsinə və hərbi qüvvə göndərilməsinə son qoyulur” – deputat fikirlərinə əlavə edib:
“Ən vacib məqamlardan biri ondan ibarətdir ki, indiyədək Qarabağ ərazisində yaşayıb Azərbaycan qanunlarını bilərəkdən pozanlar, qeyri-qanuni olaraq dövlət idarəçilik orqanlarını zəbt etmiş separatçı ünsürlər və münaqişənin davam etdiyi bütün dövrdə hər hansı bir şəkildə Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət əməlləri törətmiş bütün şəxslər artıq Azərbaycan ərazisini özbaşına tərk edə bilməyəcəklər. Xankəndidə özlərinə yuva salmış bütün cinayətkarlar məhkəmə qarşısına çıxarılacaq. Nəhayət, Bütün bunlar Ermənistanın bizim daxili işlərimizə qarışmaq imkanını tamamilə aradan qaldırır və iki ölkə arasında münasibətlərin normallaşması üçün yol açılır”.
C.Feyziyev bildirib ki, Ermənistan cəmiyyətində artıq belə bir fikir çoxdan formalaşıb ki, İlham Əliyevin dediyi hər şey reallığa çevrilir.
“ Ona görə də erməni cəmiyyəti Azərbaycan prezidentinin bütün çıxışlarını diqqətlə izləyir. Başa düşürlər ki, ən düzgün məlumatı və ya proqnozu məhz bizim prezidentimizdən eşidə bilərlər. Ermənistan siyasi hakimiyyəti də bunu anlayır, lakin Ermənistan siyasətinə vaxtaşırı kənar müdaxilələr Ermənistan siyasi elitasını tez-tez çaşbaş salır. İran, Fransa, Rusiya kimi dövlətlərin təlimatlarını və onlara verilən vədləri Ermənistan sadəlövhlüklə qəbul edir və hər dəfə də bunun cəzasını çəkir. 1915- ci ildə də, 1988- ci ildə də və nəhayət 2020-ci ildə də belə olub. Artıq nəticə çıxarmaq zamanı gəlib”.
Millət vəkilinin sözlərinə görə, bölgədə sülh heç də hamının marağında deyil.
“Müasir dövrdə getdikcə sürətlənən qloballaşma şəraitində Avrasiyanın vahid iqtisadi- mədəni orqanizm kimi fəaliyyət göstərə bilməsi üçün ilk növbədə qarşılıqlı iqtisadi əlaqələrin daha səmərəli əsasda yenidən qurulması zərurəti var. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi bu zərurəti xüsusilə kəskinləşdirib. İndi Avrasiyadaxili münasibətləri tənzimləyən bütün yollar Cənubi Qafqazdan keçir. Yollar dedikdə təkcə iqtisadi-ticari yolları yox, həm də siyasi yolları nəzərdə tuturam. Beləliklə, Avrasiya miqyasında Cənubi Qafqaz regionunun və ayrılıqda Azərbaycanın iqtisadi, siyasi önəmi dəfələrlə artır. Hər bir güc mərkəzi Belə bir regionda söz sahibi olmağa çalışır. Söz sahibi olmaq üçünsə regionun ən əhəmiyyətli dövlətini, bu mümkün olmadıqda isə heç olmasa ona qonşu dövlətlərdən birini öz təsiri altına almaq lazım gəlir. Azərbaycan özünü bu təsirlərdən məharətlə qoruyur. Ona görə bəzi güc mərkəzləri Ermənistanda söz sahibi olmaqla onun əli ilə bizə daim problemlər yaratmağa çalışırlar. Hazırda Azərbaycana qarşı səslənən bəzi ədalətsiz, qərəzli bəyanatlar və çağırışlar da bununla bağlıdır”.