Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsinin birinci mərhələsinə start verilib
22 yanvar 2025-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq 41 ümumtəhsil müəssisəsindən seçilmiş 650 məktəblinin iştirakı ilə “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin milli mərhələsinə rəsmi olaraq start verilib.
1news.az xəbər verir ki, Müsabiqə Azərkosmos nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Paşa Holdinqin, Braziliya Kosmik Agentliyinin və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində müsabiqəyə qatılan məktəblilər, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Braziliya Kosmik Agentliyinin və Braziliyanın “IDEIA Space” şirkətinin nümayəndələri, beynəlxalq tərəfdaşlar, məktəb direktorları, fasilitator müəllimlər və layihə koordinatorları iştirak ediblər. Tədbir iştirakçılarına müsabiqənin məqsəd və hədəfləri, mərhələlər üzrə iştirak qaydaları, tapşırıqların icra və təsdiq olunma prosesləri barədə ətraflı məlumat təqdim olunub. Bu müsabiqə məktəblilərin kosmik texnologiyalara olan marağını artırmaq, elmi və praktiki bacarıqlarını inkişaf etdirmək və innovativ düşüncə qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır.
“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində ölkəmizin 41 orta ümumtəhsil məktəbinin 650 nəfər məktəblidən ibarət komandaları öz model peyklərini hazırlayacaqlar. Müsabiqənin əsas məqsədi, Azərbaycan məktəbliləri tərəfindən hazırlanan 101-ci PocketQube piko-peykini daşıyıcı raket vasitəsilə kosmik yerətrafı orbitə çıxarılmasına şərait yaratmaqdır.
Müsabiqənin milli mərhələsi 2025-2026-cı tədris ilini əhatə edərək 3 əsas mərhələdən ibarət olacaq.
Birinci mərhələ:
- Elmi metodologiya üzrə təlimçilərin təlimi,
- Kosmik mühitin təqdimatı və mövzuların kontekstləşdirilməsi,
- Peyklərin tanınması və ilkin dizayn mərhələləri,
- Məktəblilərin təqdimatları.
İkinci mərhələ:
- Peyk bort kompüterlərinin tədqiqi,
- Orbitdə peyklərin idarə edilməsi və rabitə üsulları,
- Kosmik enerji sistemlərinin araşdırılması,
- Yer stansiyasının tətbiqi və digər praktiki tapşırıqlar,
- Mərhələ qaliblərinin seçilməsi.
Üçüncü mərhələ:
- Kosmik layihələr üçün tələb olunan ehtiyacların araşdırılması,
- Orbital peyklərin telemetriya və rabitəsi ilə işləmək,
- İnteqrasiya və test mərhələləri,
- Final təqdimatları və ümumi qalibin seçilməsi.
Bu layihə məktəblilər arasında elm və texnologiyaya olan marağı artırmaq, onların beynəlxalq kosmik tədqiqatlarda iştirakını təmin etmək məqsədi daşıyır. Müsabiqənin təşkili, Azərbaycan məktəblilərinin potensialını qlobal səviyyədə göstərmək və ölkəmizin kosmik sahədəki mövqeyini gücləndirmək üçün mühüm addımdır.