“Yüksəliş” tərəfindən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumu keçirilib - FOTO

“Konstitusiya və Suverenlik İli” çərçivəsində fevralın 21-i “Gülüstan” sarayında “Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” mövzusuna həsr olunan forum keçirilib.
1news.az xəbər verir ki, Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, hər dörd müsabiqənin qalibləri, “İdarəetmə bacarıqları” imtahanı, yarımfinal və final iştirakçıları, media nümayəndələri, Tələbə Mentorluq Proqramının tələbələri və ekspertlər iştirak ediblər
Forumun açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış nitqində çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qonaqları salamlayıb. O, Azərbaycanın müstəqilliyini və suverenliyini gücləndirmək məqsədilə belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin dövlətçilik siyasətinin inkişafına və beynəlxalq mövqeyimizin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb. Fərhad Hacıyevin çıxışının ardından “Yüksəliş” müsabiqəsi tərəfindən hazırlanan Azərbaycanın suverenliyi mövzusunda qısa videoçarx forum iştirakçılarına nümayiş etdirilib.
Daha sonra müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva çıxış edərək bu forumun müstəqil Azərbaycanın bütövlüyünə töhfə verdiyindən danışıb. O bildirib ki, bu tədbir xalqımızda mübariz birliyin daha da möhkəmlənməyində, birlikdə iştirakçısı və şahidi olduğumuz tarixi prosesin gələcək nəsillərə ötürülməsində böyük rol oynayacaqdır.
Forum rəsmi çıxışlardan sonra panel müzakirələri ilə davam edib. Bu müzakirələrdə ölkəmizin müstəqilliyi və milli maraqlarının qorunması istiqamətində atılan vacib addımlarla yanaşı, gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyan məsələlər də geniş şəkildə müzakirə edilib. Forumun əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, milli maraqların qorunmasını təmin etmək və qlobal çağırışlar fonunda suveren siyasətimizin inkişaf perspektivlərini dərindən müzakirə etmək olmuşdur.
Fərhad Abdullayev bildirib ki, son 30 ildə Azərbaycan dövlət quruculuğu və qanunvericilik sahəsində böyük irəliləyişlər əldə edib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya ilə bağlı fərmanı ilə məhkəmə sistemində islahatlar aparılaraq cəmiyyətin məhkəmələrə inamı artırılıb. Daha sonra o qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisi, milli kimliyin güclənməsi və təhsilin inkişafı üçün möhkəm təməl yaradıb. Ulu Öndər Heydər Əliyevin və xalqımızın arzusu olan tam suverenlik və ərazi bütövlüyü bu gün gerçəkləşmişdir.
Gündüz Kərimov çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. O qeyd edib ki, konstitusiya cəmiyyət inkişaf etdikcə dəyişikliklərə məruz qalır və bu dəyişikliklər dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. 2002, 2009 və 2016-cı illərdə edilən konstitusiya dəyişiklikləri dövlət idarəetməsini gücləndirmiş və 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyinin tam əraziyə şamil olunması ilə nəticələnmişdir.
Ziyafət Əsgərov isə nitqində bildirib ki, Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa edərək gücləndirilib. O qeyd edib ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahid, toxunulmaz və bölünməzdir, bu gün Konstitusiyamız ölkənin bütün suveren ərazisində hakimdir. O, eyni zamanda, Ümummilli lider Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi güclü dövlətçilik siyasətinin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Bahar Muradova bildirib ki, dövlətin qarşısına qoyduğu hədəflərə çatmaq üçün insan resursları kapitala çevrilməlidir. O, Azərbaycanın inkişafının dərinləşməsi, hüquq sisteminin möhkəmlənməsi, iqtisadi imkanların artırılması və sosial rifahın yaxşılaşdırılması barədə danışıb. Muradova həmçinin “Yüksəliş” müsabiqəsi iştirakçılarını Azərbaycanın inkişafı və suverenliyi naminə birliyə çağıraraq milli-mənəvi dəyərlərin qorunması üçün fəal olmağa səsləyib.
Forumda çıxış edənlər onu da vurğulayıblar ki, Azərbaycanın suverenliyini beynəlxalq aləmdə möhkəmləndirmək və ölkənin daxili siyasətində və iqtisadiyyatında davamlı inkişafı təmin etmək yalnız dövlətin gələcəyi üçün deyil, həm də xalqımızın rifahı, hüquqi, siyasi və iqtisadi müstəqilliyinin daha da genişlənməsi üçün böyük əhəmiyyət daşıyır. Onlar həmçinin qeyd ediblər ki, Azərbaycan Respublikası Konstitusiyasının üzərində qurulan möhkəm təməl və suveren dövlət olaraq ölkəmizin müstəqilliyini daha da gücləndirmək üçün atılacaq addımlar beynəlxalq əlaqələrdə daha müsbət təsir yaradacaq və Azərbaycanın dünya siyasətində daha möhkəm mövqe tutmasına imkan verəcəkdir.
“Yüksəliş” müsabiqəsinin iştirakçılarının təşəbbüsü ilə artıq ikinci dəfədir ki, forum təşkil olunur. Qeyd edək ki, ötən il baş tutan ilk forum müsbət trendləri müzakirə, müsabiqənin davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri inkişaf etdirmək məqsədilə təşkil olunmuşdur.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalayıb.










