Ceyhun Bayramov Britaniya XİN rəhbəri ilə Ermənistanla sülh prosesinin hazırkı durumunu müzakirə edib

19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
Bu barədə 1news.az XİN-in mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması məqsədilə müvafiq düzəlişin edilməsinin vacib olduğu vurğulanıb. Bununla yanaşı, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.