ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə

ADY sərnişinlərə daha sərfəli və əlçatan xidmətlərin təqdim edilməsi məqsədilə bir sıra stansiyalarda bu yeniliklər həyata keçirib.
ADY-dən 1news.az-a verilən məlumata görə, Abşeron dairəvi marşrutu üzərində yerləşən Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib. Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib.
Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb.
Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.
Bundan başqa, Bakı Dəmiryol Vağzalında mövcud turniketlər yenilənib və ümumilikdə 34 turniket istifadəyə verilib.
Bütün bu yeniliklər dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsini, turniketlərdə xüsusilə pik saatlarında növbələrin azaldılmasını təmin edəcək.
ADY sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə davam edəcək.