Tramp: NATO heç vaxt məndə inam yaratmayıb
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
1news.az xəbər verir ki, bu barədə ABŞ lideri "The Telegraph" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu mövqe Alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması ilə bağlıdır. Tramp NATO-nu “kağız pələng” adlandıraraq bildirib ki, ABŞ-nin müdafiə müqaviləsindən çıxması məsələsinə yenidən baxılmayacaq.
“NATO heç vaxt məndə inam yaratmayıb. Mən həmişə bilirdim ki, onlar "kağız pələngdir" və yeri gəlmişkən, Vladimir Putin də bunu bilir”, – deyə o qeyd edib.
Prezident əlavə edib ki, müttəfiqləri İrana qarşı birgə əməliyyata cəlb etməyə çalışmayıb, çünki bunun “avtomatik baş verməli olduğunu” düşünürdü.
Tramp həmçinin Rusiya–Ukrayna münaqişəsinə toxunaraq ABŞ-nin Ukraynaya dəstəyini vurğulayıb:
“Biz orada avtomatik olaraq iştirak edirdik... Ukrayna bizim problemimiz deyildi. Bu, bir sınaq idi və biz onların yanında idik, biz həmişə onların yanında olardıq. Onlar isə bizim yanımızda olmadılar”.
ABŞ Prezidenti Böyük Britaniyanın Baş naziri Keir Starmeri də Yaxın Şərqdəki münaqişədə iştirakdan imtina etdiyinə görə tənqid edib. O, Britaniya donanmasının vəziyyətini də tənqid edərək bildirib ki, Starmerin siyasəti ölkədə enerji qiymətlərinin artmasına səbəb olur.












