İndoneziyada 7.4 bal gücündə zəlzələ: sunami xəbərdarlığı verildi
İndoneziyada, Ternate şəhəri sahilləri yaxınlığında 7.4 bal gücündə zəlzələ baş verib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakət yerli vaxtla səhər saat 07:48-də qeydə alınıb.
Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Sunami Xəbərdarlıq Mərkəzi İndoneziya, Filippin və Malayziya sahillərində sunami dalğaları ehtimalı ilə bağlı xəbərdarlıq edib.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi isə zəlzələdən sonra bəzi ərazilərdə dalğaların hündürlüyünün 75 sm-ə qədər çatdığını bildirib.
İlkin məlumatlara görə, ən azı 1 nəfər dağıntılar altında qalaraq həyatını itirib, çox sayda yaralı var. Bir çox bölgədə maddi ziyan qeydə alınıb.












