Türkiyədə gənə dişləməsindən ölənlərin sayı 13-ə çatdı
Türkiyənin Sivas vilayətində Krım-Konqo hemorraqik qızdırması (KKHQ) şübhəsi ilə müalicə olunan 32 yaşlı Aziz Kaya vəfat edib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da Sivasda bu il gənə dişləməsi nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.
Məlumata görə, Yıldızeli rayonunun Belcik kəndində yaşayan və kənd təsərrüfatı ilə məşğul olan, iki uşaq atası Aziz Kayanı gənə dişləyib.
Bir müddət sonra səhhəti pisləşən Kaya yaxınları tərəfindən Dövlət Xəstəxanasına aparılıb. Daha sonra Sivas Cümhuriyyət Universitetinin Sağlamlıq Xidmətləri Tətbiq və Araşdırma Xəstəxanasına köçürülən xəstə KKHQ şübhəsi ilə Anesteziologiya və Reanimasiya şöbəsində müalicəyə cəlb olunub.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sivasda bu il gənə dişləməsi ilə bağlı KKHQ-dan ölənlərin sayı 13-ə çatıb.












