Yarımçıq qalan uşaqlıq arzusu 58 yaşında gerçəkləşdi: Bu ilin ən yaşlı tələbəsi ilə - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Mövqe

Yarımçıq qalan uşaqlıq arzusu 58 yaşında gerçəkləşdi: Bu ilin ən yaşlı tələbəsi ilə - MÜSAHİBƏ

Qafar Ağayev14:55 - Bu gün
Yarımçıq qalan uşaqlıq arzusu 58 yaşında gerçəkləşdi: Bu ilin ən yaşlı tələbəsi ilə - MÜSAHİBƏ

58 yaşında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi olan Elbrus Hüseynovun həyat hekayəsi təhsil almağın heç vaxt gec olmadığını göstərir. 

Subbakalavr kimi universitetin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul olunan Elbrus Hüseynovun tələbə olmaq arzusu əslində onilliklər əvvələ gedib çıxır. Lakin Qərbi Azərbaycandan deportasiya olunması, qaçqınlıq həyatı, iş və ailə qayğıları bu arzunun uzun illər təxirə düşməsinə səbəb olub.

1news.az Elbrus Hüseynovla müsahibəni təqdim edir.

– Elbrus bəy, ilk olaraq sizi 58 yaşında tələbə olmağınız münasibətilə təbrik edirik. Bu yaşda yenidən tələbə olmaq necə hissdir?

– Çox fərqli və xoş hissdir. Əslində mənim ali təhsil almaq arzum uşaqlıqdan olub. Gənclik illərimdə universitetdə oxumaq istəyirdim. Amma həyat elə gətirdi ki, bu arzum uzun illər təxirə düşdü. İndi 58 yaşımda tələbə adını qazanmağım mənim üçün çox böyük hadisədir.

– Uşaqlıq arzunuzun bu qədər uzun müddət yarımçıq qalmasının əsas səbəbi nə oldu?

– Gənclik illərimdə ali təhsil almaq istəyirdim. Amma Ermənistanın Azərbaycana qarşı təcavüzü, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın deportasiyası bizim də həyatımızı tamamilə dəyişdi. Mən Göyçədən deportasiya olunmuşam. Doğma yurddan didərgin düşmək, qaçqınlıq həyatı, yeni yerdə həyata yenidən başlamaq məcburiyyəti təhsil arzumu arxa plana keçirdi.

Həyatın başqa qayğıları başladı. İnsan əvvəlcə özünə bir həyat qurmağa, işləməyə, ailəsini təmin etməyə çalışır. Bu səbəbdən ali təhsil almaq arzusu uzun illər gerçəkləşmədi. Amma həmin arzu heç vaxt tamamilə yox olmadı. İçimdə tələbə olmaq istəyi həmişə qaldı.

– Uzun illər sonra yenidən təhsil almaq fikri necə yarandı?

– Bu məsələdə yaxın qohumlarımdan birinin böyük rolu oldu. O, mənə yüksək peşə təhsili almağı məsləhət gördü. İxtisas seçimində və kodlaşdırma prosesində də kömək etdi. Mən qəbul oldum və beləcə uzun fasilədən sonra yenidən təhsil həyatına qayıtdım.

– İş-güc arasında yenidən dərs oxumaq çətin olmadı?

– Əlbəttə, asan deyildi. Amma insan bir şeyi həqiqətən istəyirsə, onun üçün vaxt tapır. Mən hər gün dərsə gedirdim, məşğələlərdə iştirak edirdim, dərslərimə ciddi hazırlaşırdım.

Qohumum da bir müddət sonra bunu müşahidə etdi. Gördü ki, işlərimin arasında hər gün dərsə gedirəm, oxuyuram, təhsilimə ciddi yanaşıram. Bir gün məndən soruşdu ki, bunların hamısına necə vaxt çatdırırsan?

Mən də ona dedim: “Sən məni uşaqlıq arzuma çatdırdın. Tələbə olmaq mənim ən böyük arzularımdan biri idi”.

– Yüksək peşə təhsilini başa vurduqdan sonra ali təhsil almaq qərarına necə gəldiniz?

– Yüksək peşə təhsilini uğurla başa vurdum və subbakalavr dərəcəsi qazandım. Amma bununla kifayətlənmək istəmədim. Çünki uşaqlıqdan yarımçıq qalan bir arzum var idi və onu tamamlamaq istəyirdim.

Ali təhsil imkanlarını araşdırmağa başladım. Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndislik təhsili imkanları ilə yanaşı, burada müxtəlif yaş qruplarından olan insanların təhsilini davam etdirməsi üçün mühitin olması da diqqətimi çəkdi. Ömürboyu təhsil yanaşmasının mənim məqsədlərimə uyğun olduğunu düşündüm.

Nəticədə subbakalavr kimi seçim etdim və AzMİU-nun Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul oldum.

– Niyə məhz Kommunikasiya sistemləri mühəndisliyi ixtisasını seçdiniz?

– Uzun illər Bakıda mühəndis kimi çalışmışam. Bu sahəyə marağım və müəyyən təcrübəm var. Ona görə də seçim zamanı mühəndislik istiqamətində davam etmək qərarına gəldim. Düşünürəm ki, bu ixtisas həm indiyə qədərki təcrübəmə, həm də gələcək planlarıma uyğundur.

– 58 yaşında universitetə qəbul olmaq istəyən insanlara nə demək istərdiniz?

– Məncə, insan istəyindən heç vaxt vaz keçməməlidir. Yaşın burada həlledici olduğunu düşünmürəm. Əziyyət çəkmək, çalışmaq lazımdır. Çəkilən zəhmət yerdə qalmır.

Uşaqlıq arzum idi ki, ali təhsil alım. Şükür Allaha, illər sonra bu arzum da gerçəkləşdi və tələbə adını qazandım. İnsan öz istəyinin arxasınca getməlidir.

– Universitetdə oxumaq üçün işdən də ayrılmısınız. Bu qərarı vermək çətin olmadı?

– Uzun illər mühəndis kimi çalışmışam. Amma ali təhsilimi daha yaxşı davam etdirmək və dərslərimə daha çox vaxt ayırmaq üçün işdən ayrılmaq qərarına gəldim. Hazırda əsas məqsədim universitetdə yaxşı oxumaqdır.

Universiteti bitirdikdən sonra isə mühəndislik sahəsində fəaliyyətimi davam etdirməyi düşünürəm.

– Ailənizin sizin bu qərarınıza münasibəti necə oldu?

– Ailəm məni hər zaman dəstəkləyib. Bir oğlum və üç nəvəm var. Oğlum ali təhsillidir və mənim təhsilimi davam etdirmək qərarımı dəstəkləyib.

Universitetə qəbul olduğumu biləndə ailəm çox sevindi. Amma mənim üçün ən yaddaqalan an nəvələrimin məni təbrik etməsi oldu. Onların sevincini görmək mənə xüsusi hisslər yaşatdı.

– Nəvələrinizin sizi tələbə olduğunuz üçün təbrik etməsi yəqin ki, xüsusi hisslər yaradıb...

– Bəli, çox xüsusi hiss idi. İnsan övladının və nəvələrinin uğuruna necə sevinirsə, onların da sənin uğuruna sevinməsi çox gözəldir. Mənim üçün bu, yadda qalan anlardandır.

– İndi qarşınızda hansı məqsədlər dayanır?

– Əsas məqsədim universiteti uğurla başa vurmaqdır. Dərslərimə ciddi yanaşmaq, yaxşı nəticə göstərmək istəyirəm. Sonra isə mühəndislik sahəsində fəaliyyətimi davam etdirmək fikrim var.

Mənim üçün bu, sadəcə diplom almaq məsələsi deyil. Uzun illər əvvəl yarımçıq qalan bir arzunun tamamlanmasıdır.

– Sonda, sizin həyat hekayənizdən çıxış edərək “təhsil almağın yaşı yoxdur” demək olarmı?

– Əlbəttə. Mən öz həyatımla bunun mümkün olduğunu görmüşəm. Bəzən insanın həyatında elə hadisələr olur ki, arzularını təxirə salmalı olur. Amma bu, həmin arzudan tamamilə imtina etmək demək deyil.

İnsan istəsə, illər sonra da həmin arzusuna qayıda bilər. Mən 58 yaşımda tələbə oldum. Deməli, insanın qarşısında məqsəd varsa, yaş maneə olmamalıdır. Əsas odur ki, istək, iradə və çalışma olsun.

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər