Şəhid Xudayar Yusifzadənin anasından SƏRT CAVAB: “Təzminat tələb edəcəyəm”
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Bərdə sakinlərini narazı salması, şəhid anası statusundan sui-istifadə etməsi ilə bağlı iddialara cavab verib.
1news.az xəbər verir ki, Modern.az-a danışan şəhid anası sosial şəbəkələrdə və bəzi media resurslarında bu barədə yayılan iddiaları təkzib edib. O həmin şəxsləri məhkəməyə verəcəyini dilə gətirib.
“Allah qoysa, sabah həmin şəxslərin hamısı haqqında cinayət qaydasında məhkəməyə müraciət edəcəyəm. Mənim hansısa statusumdan istifadə etdiyimi, ev almağımı, dövlətdən torpaq almağımı və ya başqa nəsə əldə etdiyimi sübut etməsələr, onlardan təzminat tələb edəcəyəm”.
Həmçinin, Radə Qurbanova Şuşada tarixi qayalara müxtəlif yazıların, şəhid adlarının, o cümlədən oğlu Xudayar Yusifzadənin adının qeyd olunmasına etiraz etdiyini bildirib.
"O yazını mən yazmamışam. Biz özümüz də istəyirdik ki, o yazı silinsin. Mən o yazının silinməsinə heç bir etiraz etmirəm. Allah Ali Baş Komandanımızın canına sağlıq versin. Xankəndidə gözəl Zəfər Parkı yaradılıb. Orada Xudayarın təsviri var. Bundan gözəl, bundan böyük, bundan şərəfli nə ola bilər?”, - deyə şəhid anası bildirib.
Qeyd edək ki, jurnalist Samir Feyruzovun şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova ilə bağlı paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Jurnalist iddia edir ki, o, Şuşaya səfər edən ziyarətçilərin Cıdır düzündəki qayalıqlara şəhidlərin adlarını yazdığını, həmin yazıların isə aidiyyəti qurumlar tərəfindən silindiyini bildirib. S.Feyruzovun sözlərinə görə, bundan sonra Radə Yusifzadə Xudayar Yusifzadənin adının qayalıqdan silinməsinə etiraz edib.












