Yuxulu sürücü ağır qəza törətdi: Maşın aşdı - VİDEO
"Yorğun və yuxulu vəziyyətdə avtomobil idarə edən sürücülər yollarda ciddi təhlükə yaratmaqda davam edir".
1news.az xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
O qeyd edib ki, bu gün səhər saat 07:00 radələrində Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü A.Cabbarovun, ilkin məlumata əsasən, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.
Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur.
“Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, bu, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır”.
O vurğulayıb ki, uzaq məsafəyə səfərə çıxan sürücü əvvəlcədən kifayət qədər istirahət etməli, hərəkət zamanı yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamalıdır.
“Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir”.
Şöbə rəisi qeyd edib ki, sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər.
“Yorğun halda sükan arxasına keçməyin, yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın”.
“Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil”.












