Hakan Fidan: Hörmüz boğazında təhlükəsiz və fasiləsiz keçid təmin edilməlidir | 1news.az | Xəbərlər
Siyasət

Hakan Fidan: Hörmüz boğazında təhlükəsiz və fasiləsiz keçid təmin edilməlidir

First News Media14:55 - Bu gün
Hakan Fidan: Hörmüz boğazında təhlükəsiz və fasiləsiz keçid təmin edilməlidir

“Hörmüz boğazında təhlükəsiz, fasiləsiz və sərbəst keçid təmin edilməli, müharibədən əvvəlki status-kvoya mümkün qədər tez qayıdılmalıdır”.

1news.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.

O bildirib ki, bölgədə gərginliyi artıran və ciddi zərər vuran hərəkətlərə dərhal son qoyulmalıdır.

“Böhranın həlli, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün bütün aidiyyəti tərəflərlə təmaslarımızı fasiləsiz davam etdiririk. Hörmüz boğazında təhlükəsiz, fasiləsiz və sərbəst keçidlərə imkan verilməli və müharibədən əvvəlki status-kvoya mümkün qədər tez qayıdılmalıdır”, - Hakan Fidan deyib.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsinin və onun regiona təsirlərinin müzakirəsi də aparılıb.

“Artıq 4,5 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsini və onun bölgəmizə təsirlərini nəzərdən keçirmək imkanımız oldu. Toqquşmalar fasiləsiz davam etdiyi halda, mülki itkilər və dağıntılar təəssüf ki, hər gün artır. Məlum olduğu kimi, müharibədə yaşanan gərginlik Qara dəniz hövzəsinə də ciddi təsir göstərir”, - o bildirib.

Hakan Fidan vurğulayıb ki, müharibənin ilk günlərindən etibarən Qara dənizin döyüşlərdən kənarda saxlanılması üçün böyük səylər göstərilib.

“Montre Boğazlar Konvensiyasını ciddi şəkildə tətbiq etməyimiz və Qara dəniz taxıl təşəbbüsünü həyata keçirməyimiz sayəsində bu məqsədimizə böyük ölçüdə nail olduq. Lakin son aylarda Qara dənizdə mülki gəmilərə qarşı hücumların artması bölgədə can, mal, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinə ciddi zərər vurur”, - Türkiyənin XİN rəhbəri deyib.

Onun sözlərinə görə, bu hücumlar nəticəsində türk və azərbaycanlı dənizçilər də həyatlarını itirib.

“Bu hücumlarda türk və azərbaycanlı dənizçilərimiz də həyatlarını itirib. Həyatını itirən dənizçilərimizə Tanrıdan rəhmət, onların yaxınlarına başsağlığı və səbir diləyirəm. Müharibənin Qara dənizə də yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbuledilməzdir”, - Hakan Fidan bildirib.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı tərəflərə lazımi xəbərdarlıqlar edilir.

“Lazımi siyasi iradənin ortaya qoyulması və xoş niyyətlə hərəkət edilməsi halında bu məsələdə razılaşma üçün zəminin yaradıla biləcəyinə inanırıq. Bunun üçün son vaxtlar səylərimizi daha da artırmışıq. Ümid edirik ki, razılaşmanın əldə olunması üçün zəruri təşəbbüslərimizin nəticəsini görəcəyik”, - o deyib.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə vurğuladığı fikri də xatırladıb.

“Cənab Prezidentimizin əvvəldən vurğuladığı kimi, ən pis sülh belə müharibənin özündən yaxşıdır. Türkiyə olaraq sülh naminə bütün səylərimizi göstərməyə davam edəcəyik”, - Türkiyənin xarici işlər naziri bildirib.

Hakan Fidan Azərbaycan-Türkiyə münasibətlərinin regional sabitliyə töhfəsinə də toxunub.

“Azərbaycanla qardaşlığımızın Türk dünyasının, Cənubi Qafqazın və daha geniş coğrafiyanın sabitliyinə töhfə verməyə davam edəcəyinə ürəkdən inanırıq”, - Hakan Fidan deyib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər